Interposta.Info

Ərdoğan hakimiyyətdən getsə... -

Siyasət
 7-01-2017, 10:22     795

Ərdoğan hakimiyyətdən getsə... -

Terror aktlarının guya Ərdoğana, onun iqtidarına qarşı olduğu barədə iddialar əsassız, tənqidə dözümsüz, məntiqi əsası olmayan iddiadır.

interposta.info xəbər verir ki, bunu politoloq Qabil Hüseynli musavat.com-a açıqlamasında deyib.

Politoloq bildirib ki, terror aktlarının Türkiyə dövlətinə və xalqına qarşı olduğu bəllidir:

“Hədəfdə Türkiyə dövlətidir. Hər kəsə aydındır ki, terror aktları Türkiyə dövlətini sarsıtmaq üçündür. Ola bilsin ki, indiki Türkiyə iqtidarı müəyyən məsələlərlə bağlı addımlarda səhvə yol verib və verir. Amma şübhəsiz ki, bu gün Türkiyədə indiki iqtidar yox, koalisiyon hökumət olsaydı belə, Türkiyəyə qarşı qurulan bu sui-qəsdlərin, təzyiqlərin qarşısını zərrə qədər də ala bilməzdi. İndiki iqtidar, xüsusilə də prezident Ərdoğan çox ciddi şəkildə mübarizə aparmaq qabiliyyətinə, imkanlarına malikdir. Ölkə əhalisini lazımi ovqatda saxlamağı da bacarır. Bütün bölücü, separatçı, terrorçu qurumlara qarşı ordunun da vasitəsilə mübarizə aparır. Terror aktlarının Ərdoğanın siyasətinə etiraz olaraq həyata keçirildiyi barədə iddialar Türkiyə xalqını iqtidara qarşı qaldırmaq, ölkənin daxilində əlavə siyasi gərginliklər, hakimiyyətsizlik yaratmaq məqsədi güdür. Qəsdən vətəndaşlarda rəy yaratmaq istəyirlər ki, ölkənin terrorla üz-üzə qalması Ərdoğan iqtidarına görədir. Bu rəyi yaradıb xalqı iqtidara qarşı qaldırmaq istəyirlər.

Mən zaman-zaman Ərdoğan iqtidarını tənqid etmişəm, onun bəzi sahələrdə yol verdiyi qüsurları qeyd etmişəm. Amma indiki ekstremal vəziyyətdə Ərdoğan iqtidarı kifayət qədər cəsarətli görünür, səfərbər olunub və qətiyyətli iradə ortaya qoyub".

Politoloq onu da qeyd etdi ki, Ərdoğan hakimiyyətdən gedərsə, terror aktları nəinki dayanmaz, hətta Türkiyənin bölünməsi təhlükəsi yaranar:

“İndiki məqamda bu iqtidar gedərsə, terrorçular daha da geniş əl-qol açar, Türkiyə çox təhlükəli xaosa sürüklənər. Hətta qardaş ölkə parçalanmaq təhlükəsi qarşısında qala bilər. Heç kim elə zənn etməsin ki, bu gün Ərdoğan iqtidarı getsə, Türkiyədə terror aktları dayanacaq, Türkiyəyə qarşı hücumlar sona çatacaq. Əksinə, daha dəhşətli hadisələr bundan sonra başlaya bilər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26