Interposta.Info

AMEA-da 2,3 milyonluq yeyinti - Tarixçi alim və həyat yoldaşı məhkəmə qarşısında

Paradoks
 30-03-2023, 12:06     640

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları - tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

"İnterPosta" APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasa sədrlik edən hakim Azad Məcidov təqsirləndirilən Səbuhi Hüseynovu sorğu-sual edib.

Hakim Səbuhi Hüseynovdan ilk olaraq hansı rayonlarda ekspedisiya apardığını və gördüyü işlərin nəticəsi barədə soruşub:

"2019-cu ilin 7 ayı ərzində 60 ekspedisiya aparmısınız. O 60 ekspedisiyada nə icad eləmisiniz? Hansı işləri görmüsünüz?”

Səbuhi Hüseynov suala cavab olaraq deyib ki, onun ekspedisiyaları kəşfiyyat xarakteri daşıyıb, mindən artıq tarixi abidəni tədqiq edib: "Mən müəyyən etdim ki, Ağdam və Ağcabədi rayonunda 150-dən çox tarixi abidənin yeri məlum deyil. Bunlar araşdırılmalıdır. Tədqiqatçı aparmışam, gördüyüm işlərin də hesabatını vermişəm".


Hakimi maraqlandıran digər məsələ isə ekspedisiya müddətində xərclənən pulların mənbəyi ilə bağlı olub. Hakim təqsirləndirilən şəxsə ekspedisiyanın hər günü üçün cəmi 40 manat pul ayrıldığını nəzərdə tutaraq "Siz 40 manatla nə yeyib-içmisiz, harda qalmısız, bilirəm ki, hotellərin qiyməti çox bahadır. Elə mən Naxçıvanda bir gecə qalmağa görə hotelə 150 manat verdim. Bundan başqa, 4 rayona gedib-gəlmisiz, mən hesablayıram 40 manat heç sizin maşının benzin pulunu ödəmir”, - deyə bildirib.

Səbuhi Hüseynov 40 manatın yalnız yemək xərci üçün verildiyini, digər təminatlar üçün isə şəxsi vəsaitini istifadə etdiyini deyib:

"Tərtər, Bərdə, Ağdam və Ağcabədi rayonlarında ekspedisiyada olduğum müddətdə bizim heyətdən heç kimə qalmaq üçün pul verilməyib. Tədqiqatlara görə öz cibimdən pul ödəmişəm. Özüm də həmin müddətdə bacanağımın evində qalmışam”.

Daha sonra təqsirləndirilən Gülüstan İsayeva sərbəst ifadə verib.

Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamların əsassız olduğunu deyib.

Gülüstan İsayeva institutda olan qanunsuzluqlara görə, sabiq direktor Maisə Rəhimovanı ittiham edib:

"Əvvəllər işlədiyim müddət ərzində heç vaxt töhmətim olmayıb. İnstitutda hökm sürən qanunsuzluqlara etiraz etməyə başlayandan sonra vəziyyət dəyişdi. Maisə Rəhimova işə ştatdan kənar adamlar götürürdü. İnstitutun 299 nəfər işçisi var idi, amma 50-60 nəfər işə gəlirdi. Maisə Rəhimova özünə və xaricdə olan qohumlarına mükafat yazırdı. Təsəvvür edin, xaricdə yaşayan şəxslər hər ay institutdan əməkhaqqı alırdı. Bundan başqa, Şəki və Tovuzda yaşayan şəxslərə pul ayrılırdı, guya Bakıdan ora ezamiyyətə gediblər. Halbuki adamlar elə orda yaşayırlar. Həmçinin Naxçıvan Dövlət Universitetində işləyən bir neçə nəfərə eyni adla pul köçürülüb. Sənədlərdə də qeyd olunurdu ki, Bakıdan Naxçıvana ezam olunublar”.

Gülüstan İsayevanın dediyinə görə, 2021-ci ildə Ramiz Mehdiyev Akademiyanın prezidenti olarkən institutdakı qanun pozuntuları ilə bağlı yoxlama aparılıb, 2 milyon 330 min manat yeyinti aşkar olunub: "Müəyyən olundu ki, həqiqətən də institutda qanun pozuntuları olub. İşləməyən adamlara əmək haqları ödənilib, görülməyən işə görə pullar xərclənib. Amma sonra necə oldusa aşkar olunan qanunsuzluqlarla bağlı hüquq-mühafizə orqanlarına məlumat göndərilmədi. Maisə Rəhimova işdən çıxarıldı, mənim də barəmdə cinayət işi başlanıldı. Halbuki, mənim şikayətimlə yoxlama aparılmışdı”.

Prokurorun "Maisə Rəhimova vəzifəsindən azad olunduqdan sonra sizi nəyə görə işdən çıxardılar sualına isə Gülüstan İsayeva "sonra təyin olunan direktor da Maisə Rəhimovanın adamı olduğuna görə”, cavabını verib.

Proses aprelin 5-i davam etdiriləcək.

Qeyd edək ki, Səbubi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub.

Onlar Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış vəsaitlərin 92 min manatını mənimsəməkdə ittiham olunurlar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Onların hər ikisi barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26