Interposta.Info

Həbsdə olan “Broker Əbülfəz”ə qarşı daha bir iddia - Özü və oğlu məhkəməyə verildi

Paradoks
 19-01-2023, 18:34     260

Həbsdə olan "Broker” MMC-nin sahibi, "Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikov məhkəməyə verilib.

İddiaçı Nağıyev Oqtay Rüfət oğlu adlı şəxsdir. İş Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi korporativ mübahisələridir.

Oqtay Nağıyev Əbülfəz Məlikovla yanaşı, "MA Group” və "Agro Land MMC” şirkətlərini də məhkəməyə verib.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Agro Land MMC”nin adına rast gəlinmir. Bu baxımdan, şirkətin nə zaman yaradıldığı, nizamnamə kapitalının məbləği, hüquqi ünvanı və qanun təmçsilçisi bəlli deyil.

"MA Group” MMC isə 14 avqust 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi isə Mikayılov Ceyhun Altay oğludur. Ceyhun Mikayılov haqqında da açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

İş üzrə Əbülfəz Məlikovun da cavabdeh kimi göstərilməsi bu şirkətlərin ona yaxın olması barədə ehtimalları artırır.

Bu arada Əbülfəz Məlikovun oğlu Murad Məlikov da məhkəməyə verilib. İddiaçı Qaybalıyev Xaqani Alcan oğludur. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır. İşin mahiyyəti korporativ mübahisələrdən ibarətdir.

Xaqani Qaybalıyev "Şəmkir Aqropark”ın direktoru vəzifəsində çalışıb. O, Murad Məlikovla yanaşı, "Aqro Səlyan” MMC-ni də məhkəməyə verib.

Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Dövlət Gömrük Komitəsinin (DGK) yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir./Qaynarinfo.az:https://qaynarinfo.az/az/hebsde-olan-broker-ebulfez-e-qarsi-daha-bir-iddia-oezu-ve-oglu-mehkemeye-verildi-1
İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26