Interposta.Info

6,8 milyon vergi borcu olan şirkət məhkəməyə verildi - Milyonluq tenderləri udan “Akelik Group" kimindir?

Paradoks
 17-10-2022, 19:34     1 256


İnşaat sektorunda əsas oyunçulardan hesab edilən "Akelik Group" MMC məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, iddiaçı "İnter DBK” MMC-dir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun icraatındadır.

İşin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələrdən ibarətdir.

"İnter DBK” MMC 5 iyul 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 479 420 AZN olan şirkətin qanuni təmsilçisi Bailar Pirievdir.
Bailar Piriev və şirkət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

"Akelik Group” MMC-yə gəlincə, 20 may 2011-ci ildə qeydiyyata alınan şirkət əvvəl "ALKE İnşaat Sənaye və Ticarət” ASC kimi fəaliyyət göstərib. ASC-nin sabiq əməkdaşı Şahin Cəfərovun yerli mediada dərc olunan müraciətində bildirib ki, "ALKE İnşaat Sənaye və Ticarət” ASC ilə Türkiyənin "ALKE İnşaat Sanayi ve Ticaret Anonim” şirkəti eyni təsisatdır.

6 sentyabr 2018-ci il tarixində "ALKE İnşaat Sanaye və Ticaret" ASC-nin təsisçiləri şirkətin adını "Akelik Group" ASC-yə dəyişdirib. Babayev Süleyman Qalibiyyət oğlu ASC-nin direktoru seçilib.

Bir il sonra "ALKE İnşaat Sanaye və Ticaret" ASC təşkilati hüquqi formasını dəyişərək "Akelik Group” MMC-yə çevrilib. Nizamnamə kapitalı 33 014 681 AZN olan MMC-nin qanuni təmsilçisi Babayev Rasim Qalibiyyət oğludur.

MMC Azərbaycanda və xaricdə iri layihələrin icrasını həyata keçirib. 2018-ci ildə yerli mediada "ALKE İnşaat Sənaye və Ticarət” ASC-nin Qırğıstanda Oş-Batken-İsfana avtomobil yolunun tikintisini həyata keçirdiyini və fəahlələrin maaşlarını vermədiyi barədə material dərc edilib. Həmin materialdan məlum olur ki, Qırğızıstanın Nəqliyyat və Yollar Nazirliyi ilə 108 kilometrlik Oş-Batken-İsfana avtomobil yolunun tikintisi ilə bağlı "ALKE İnşaat Sənaye və Ticarət” ASC arasında 18 milyon dollarlıq müqavilə bağlanıb.

2018-ci ilin sentyabrında isə "Azərsu” ASC-nin inşası yarımçıq qalmış inzibati binasının tikintisinin tamamlanması üçün qurumla şirkət arasında 44 milyonluq müqavilə imzalanıb.

Bundan başqa, "Akelik Group" MMC Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin və Ağdaş şəhərindəki kanalizasiya kollektorunun tikintisini həyata keçirib. Bunun üçün "Azərsu” şirkətə ümumilikdə 51 milyon manat ödəyib.

Araşdırmalarımız zamanı o da bəlli olub ki, şirkətin hazırda 6 811 181.27 AZN vergi borcu var.

MMC-nin milyonluq layihələri həyata keçirməsi, sahibi Süleyman Babayev və qanuni təmsilçisi Rasim Babayev haqqında açıq mənbələrdə heç bir məlumatın olmaması şirkətin hansısa məmurun himayəsində olması barədə şübhələrə yol açır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26