Interposta.Info

Rafael Cəbrayılovun qardaşı: “Sələm işinə qurşanandan sonra pullar yoxa çıxmağa başladı”

Paradoks
 24-02-2022, 12:31     814

Həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov yenidən ifadə verib.

Onun sözlərinə görə "Dərhal" MMC-nin rəhbəri olsa da, bütün qərarları Rafael Cəbrayılov verib. 2017-ci ildən isə münasibətləri pozulub: "Rafael Cəbrayılov sələm işinə qurşanandan sonra pullar yoxa çıxmağa başladı, əlimizdə qalan sonuncu obyekti də ona verdim. 15 illik zəhmətimiz heçə getdi. 2017-ci ildə qardaşımla bundan sonra pul istəməyəcəyi, şər atmayacağı və başqa tələbləri olmayacağına dair akt bağladıq”.

Məhkəmədə vəkil Kamandar Nəsibov sözügedən aktın doğruluğuna şübhə etdiyini deyərək, sənədin ekspertizaya göndərilməsini tələb edib.

Kamandar Nəsibovun Elşən Cəbrayılovun müdafiə etdiyi Sülhiyyə Məmmədovadan əlbəəl aldığı pulu onun mənimsədiyini deməsi isə məhkəmədə mübahisə yaradıb: "Zərərçəkmiş şəxslər narazıdırlar. Siz bu gün rəhmətlik qardaşınızı hamıya söydürürsüz".

E. Cəbrayılov isə vəkildən düzgün danışmağı tələb edib.

Proses martın 10-da davam etdiriləcək.

Xatırladaq ki, Milli Məclisinin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael külli miqdarda dələduzluqda təqsirləndirilib.

İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.

R. Cəbrayılov bu il sentyabrın 30-da koronavirusdan müalicə olunduğu "Yeni Klinika"da vəfat edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26