Interposta.Info

Nazir müavini Firdovsi Əliyev Lerikdə meşələrinin cəllatlarına göz yumur? - SƏNƏT

Paradoks
 27-09-2021, 21:02     997

Nazir müavini Firdovsi Əliyev Lerikdə meşələrin qırılmasına göz yumur?

Lerik rayonu Peştətük kənd sakinləri onlara məxsus olan pay torpaqlarında qanunsuz tikinti aparıldığını iddia edirlər. Sakinlər bildirir ki, onlara ayrılan pay torpaqları Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev tərəfindən Cənub Tibb Məhdud Məsuliyyətli Cəmiyyətinə saxta sənədlərlə verilib. Elə Peştətük sakinlərinin əsas problemi də bundan sonra başlayıb.
Sakinlər adından müraciət edən Eldost Ağaverdiyev bildirib ki, Dövlət İslahat Komitəsi 1998-ci ildə pay torpaq kimi bütövlükdə kənd sakinlərinə torpaq sahələri verib:
“Sonradan məlum oldu ki, həmin torpaqlar Dövlət Meşə Fondunun balansındadır. Ona görə də həmin torpaqların sənədləri verilmədi. İcraat Komitəsi torpağı kənd sakinləri arasında püşkatma yolu ilə bölüşdürdü. Nazirlər Kabineti həmin torpaqlara şəxsi mülkiyyətə keçirmək üçün sənəd, dövlət aktı verməli idi. Həmin o islahatın sənədləri Nazirlər Kabinetinə gedəndə orada məlum oldu ki, kəndin torpaqları meşənin balansındadır. Şəxsi mülkiyyət deyil.
Bundan sonra həmin torpaqların təyinatı Nazirlər Kabineti səviyyəsində dəyişilməli və bələdiyyə mülkiyyətinə verilməli idi. Proses uzun müddət davam etdi. 2009-2010-cu illərdə sahibkar Zərintac İsmayılova həmin kənddə heç kəsə lazım olmayan torpaq sahəsini götürdü və orada "Cənub" İstirahət Mərkəzini tikdi".
Şikayətçi aktın ləğv edilməsi və tikintinin dayandırılmasını tələb etdiyini vurğulayıb:
"Bir müddətdən sonra həmin sahibkar o əraziləri də zəbt etdi və torpaqlar da Meşə Fondunun tərkibində olduğu üçün onlarla müqavilə bağlayıb aldı. Biz də şikayət edən zaman Nazirlər Kabineti həmin torpaqların dəyişdirilməsi ilə bağlı qərar qəbul etdi və prosesə başlandı. Torpağın Meşə Fondundan alınıb vətəndaşlara verilməsi barədə qərar qəbul olundu.
Bu proses baş verdiyi müddətdə sahibkar Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icarə müqaviləsi götürmüşdü. İcarə müqaviləsindən sonra da orada əsaslı tikinti aparıldı. Biz də şikayət etdikdən sonra nazirlik həmin müqaviləyə xitam verdi. Xitam verilməsinə səbəb isə torpaqda əsaslı tikintinin aparılması ilə bağlıdır.
Bu ilin avqustun 26-da nazirlik yenidən sahibkara tikinti üçün icarə müqaviləsi verib. Yeni aktda sahibkara bəraət qazandırmaq üçün bunun əsaslı tikinti olduğu qeyd edilir. Biz yenidən aktın ləğv edilməsi, tikintinin dayandırılmasını tələb edirik”.
Şikayətçinin sözlərinə görə, "Cənub" şirkəti müqavilənin şərtlərini pozaraq, icarəyə götürdüyü ərazidən qanunsuz şəkildə istifadə edir. Bununla bağlı kənd sakinləri dəfələrlə Ekologiya və Təbii Sərvətlər nazirliyinə müraciət etsələr də problem hələ də öz həllini tapmayıb.
Bu sahibkar müqaviləylə Dövlət Meşə fondundan icarəyə torpaq götürüb. Dövlət meşə fondunun torpaqlarının icarəyə verilməsi qaydalarında göstərilir ki, dövlət meşə fondundan icarəyə götürülmüş torpaq sahəsində tikinti işi aparmaq qadağandır. Bu müqavilənin şərtlərində də göstərilir. Buna baxmayaraq, sahibkar ərazidə əsaslı tikinti işləri aparır. Bişmiş kərpicdən tikinti işi aparılıb. Yerə də betonlama işləri həyata keçirilib. Ərazinin 1560 kv metr ərazisində asfalt örtüyü döşənib. Daha sonra, ərazidə böyük restoran inşa edilib.


Bütün bunları əsas gətirib Ekologiya və Təbii Sərvətlər nazirliyinə müraciət etdik. Nazirliyə də bildirdik ki, sahibkar müqavilənin şərtlərini pozub. Tələb etdik ki, komissiya yaradılsın və sakinlərin iştirakı ilə əraziyə baxış keçirilsin. Müraciətimizdən sonra əraziyə komissiya ezam olundu və bizim iştirakımızla baxış aparıldı. Baxışdan sonra nazirlik sahibkarla olan müqaviləyə birtərəfli xitam verdi. Üç aydan sonra isə həmin sahibkara eyni torpaq sahəsini beş illik müqaviləyə verdilər. Nazir müavini Firdovsi Əliyev bütün qanunsuzluqları bilə-bilə yenidən həmin sahibkara eyni torpaq sahəsini icarəyə verib. Sakinlərin istəyi odur ki, Firdovsi Əliyev çıxıb məsələyə aydınlıq gətirsin".
Ümid edirik ki, qanunsuzluqla üzləşən sakinlərin problemi tezliklə həllini tapacaq.
Qarşı tərəfidə dinləməyə hazırıq.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26