Interposta.Info

Əhəd Abıyev cəzalandırıla bilər-

Paradoks
 13-02-2017, 14:32     1 157

Əhəd Abıyev cəzalandırıla bilər-
Bir neçə gün əvvəl mediada Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Dövlət Yol Polisində çalışan qardaşı oğlu Kamal Abıyevin bir sürücünü təhqir etməsi və onun xanımının xəstəxanaya düşməsinə səbəb olması ilə bağlı yazılar dərc edildi.

Bildirilirdi ki, K.Abıyev kapitan-inspektor vəzifəsində işlədiyi Göytəpə postunda Ramil Rzayev adlı sürücünün idarə etdiyi “Niva” markalı avtomobili saxlatdıraraq ona qarşı nalayiq ifadələr işlədib. Sürücünün maşında olan xanımının isə bu hadisələrdən halı dəyişib və o, xəstəliyə tutulub.

AFN xəbər verir ki, xəbər yayıldıqdan sonra Ə.Abıyev mediaya açıqlama verərək R.Rzayevin onun qardaşı oğluna şər atdığını, onlardan rüşvət istədiyini bildirdi: “Həmin Ramin Rzayev hamıya şər atır. Qardaşım oğlu 23-cü adamdır ki, onun şər-böhtanına məruz qalıb. İndi sual verirəm, necə olur ki, bütün nöqsanlar ancaq bunun başına gəlir? Bu adam kimə salam verirsə, ondan şikayət edir, yazır. Bizi şantaj edib deyir ki, 5 min verməsən, saytlara yazacam. Bu nə deməkdir? Açıq şantaj deyil?
Ona sual verin ki, əlində bir dənə də olsun hər hansı fakt, görüntü var? Deyir ki, polis onu hədələyib, qorxudub və sairə. Əgər dedikləri doğrudursa, bir fakt göstərsin də! Niyə göstərə bilmir? Məsələ nazirlik tərəfindən araşdırılandan sonra, heç bir fakt tapılmır və həmin Ramin Rzayevin dediklərinin yalan olduğu ortaya çıxır”.

Lakin bundan sonra yayılan məlumatlarda göstərilir ki, Baş Dövlət Yol Polisi İdarəsi K.Abıyevin xidməti intizam qaydalarını pozması faktını rəsmi şəkildə təsdiqləyib. Bu barədə idarədən R. Rzayevin müraciətinə cavab olaraq göndərilən məktubda yazılıb. Qeyd olunub ki, müraciətdən sonra araşdırma aparılıb və K.Abıyevin intizam qaydalarını pozması müəyyənləşib: “Baş Dövlət Yol Polisi İdarəsininin Yol-Patrul Xidməti Alayının 11-ci taqımının YPX baş inspektoru Kamal Abıyevin və YPX inspektoru Zamiq Həsənovun hərəkətləri barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə ünvanladığınız müraciətinizə tərəfimizdən baxılıb.
Araşdırma nəticəsində əməkdaşlar tərəfindən xidməti intizam qaydaların tələblərinin pozulması halı müəyyən olunub, hərəkətlərinin müzakirə olunması barədə qərar qəbul edilib”.

Bundan ortaya çıxan nəticə odur ki, icra başçısı vətəndaşa böhtan atıb, onu dələduzluqda, yalan danışmaqda ittiham edib. Bu halda qarşı tərəf olaraq R.Rzayev Ə.Abıyevə qarşı iddia ilə çıxış edə bilər.

Əvvəla, rüşvət istəmə və alma ağır cinayət hesab edilir. Cinayət Məcəlləsinin 311-ci maddəsilə tövsif edilən bu əməl, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin 3.3-cü bəndinə görə, bu əməl külli miqdarda törədildikdə əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ə.Abıyevin dediyi kimi, əgər R.Rzayev onlardan 5 min manat istəyibsə, bu, artıq külli miqdarda deməkdir və göründüyü kimi, icra başçısı vətəndaşı xüsusilə ağır cinayətdə suçlayıb.
Böhtan isə Cinayət Məcəlləsinin 147-ci maddəsilə tövsif edilir. Həmin maddənin 1-ci bəndində göstərilir ki, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma— yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
147.2-də isə qeyd edilir: Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma— iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Əgər R.Rzayev hüquqlarını məhkəmədə qorumaq istəsə, o zaman icra başçısı qanun qarşısında cavab verməli olacaq. Təbii ki, icra başçısı vətəndaşın onlardan rüşvət istəməsini sübut edə bilməsə.https://politico.az/xeber/3925
interposta.info
Əhəd Abıyev cəzalandırıla bilər-

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26