Interposta.Info

Azər Bağırov istefasından danışdı: “Ucuzlaşmaq istəmədim...”

 

Ölkə
 8-04-2024, 14:48     79 283

Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Kəpəz”ə 1:2 hesablı məğlubiyyətdən sonra "Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov postundan istefa verdi.

Son vaxtlar özünü lazımi səviyyədə göstərə bilməyən Naxçıvan təmsilçisinin sabiq baş məşqçisi istefası haqqında Qaynarinfo-ya danışıb:

"Birdən-birə olmadı. Məğlubiyətlərdən yoruldum. Qərara gəldim ki, beynim dincəlsin. Həm də bəzi məsələləri öz xeyrimə dəyişə bilmirdim. Komanda məğlub olursa, baş məşqçi kimi nəyisə dəyişə bilmirsənsə, mənə elə gəlir, özün dəyişməlisən”.

Bağırov komandanı qışda gücləndirə bilmədiyini də dedi:

"Qışda güclənə bilmədik. Bilirsiniz necədir, bir məşqçinin xoşbəxt olmadığı yerdə qalması, doğru deyil. Komandanı inkişaf etdirmək istəyirsənsə, ideyaların hamısının həyata keçməsi üçün rahat olmalısan. Hər kəsin baxış bucağı var. Mən də ucuzlaşmaq istəmədim”.

"Hakimlərdən "Araz-Naxçıvan”a qarşı qərəz hiss edirdiniz” sualına Bağırov belə cavab verdi:

"Əlbəttə, nə qədər qərəz olar? "Sumqayıt”la oyunda bizim penaltimizi vermədilər. Əksinə, qapımıza olmayan penalti təyin etdilər. Ümumiyyətlə, bir çox hallar var ki, saymaqla bitmir. Qış fasiləsindən sonra səhvlər daha çox idi”.

Maraqlıdır ki, bəzi oyunlarda buraxılan qollarda məhz "Araz-Naxçıvan”ın legionerləri günahlandırılırdı. Daha doğrusu, rəqibə bilərəkdən belə şərait yaratdıqları düşünülürdü. Ancaq Bağırov heç də belə olmadığını deyir:

"Xeyr, qətiyyən belə bir şey yoxdur. Müdafiədə oynayan futbolçu (Numan Kurdiç) dindardır. Yəni elə futbolçulardan deyil. Bunlar hamısı boş söhbətlərdir”.

Mütəxəssis hələ ki istirahət etdiyini və təkliflər gələcəyi təqdirdə dəyərləndirəcəyini bildirdi:

"Hələ ki, istirahət edirəm. Hər hansı klubdan təklif gələrsə, dəyərləndirərəm. Məşqçilik işi budur”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26