AMB hərraclarda dollara tələbin kəskin artmasının səbəbini açıqlayıb
AMB-dən APA sorğusuna cavab olaraq bildirilib ki, hər təqvim ilinin sonlarında valyuta hərraclarında tələb, adətən, əvvəlki aylarla müqayisədə yüksək olur:
“Nümunə olaraq, 2017-22-ci illərdə dekabr ayında keçirilmiş valyuta hərraclarının 69%-də tələb təklifi üstələyib, ötən il dekabr ayında valyuta hərraclarda orta tələb ilin ilk 11 ayı ilə müqayisədə 43% çox olub”.
Mərkəzi Bankdan qeyd edilib ki, ilin son dövründə tələbin yüksəlməsi, əsasən, mövsümi amillər, o cümlədən ölkədə idxal-ixrac əməliyyatları üzrə hesablaşmalar və iqtisadi aktivliyin canlanması ilə əlaqədar olur.
“Onu da qeyd etmək lazımdır ki, ümumilikdə valyuta bazarında şərait profisitli tədiyə balansının təsiri altında formalaşır. 2023-cü ilin əvvəlindən Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönümlü olub”, - AMB-dən əlavə edilib.
Qeyd edək ki, bankların valyuta hərracında tələbi 2023-cü ildə ilk dəfə dekabrın 5-də 95,1 milyon dollar təşkil edib. Bankların dollar tələbi noyabr ayının sonundan etibarən artmağa başlayıb. Noyabr ayının 28-də keçirilən hərracda bankların tələbi 68,2 milyon dollara, noyabrın 30-da isə 77,8 milyon dollara yüksəlib.
InterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26