Azərbaycana daha bir neçə zubr gətirildi - FOTO
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-nin Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində 24 noyabr 2023-cü il tarixində Azərbaycana Almaniyadan 10 zubr gətirilib.
Yeni gətirilən zubrlar bir müddət volyer şəraitində saxlanacaq, adaptasiya dövrünü keçdikdən sonra Şahdağ Milli Parkının ərazisinə buraxılacaqlar.
Qeyd edək ki, 2012-ci ilin sonlarından etibarən zubrların ölkəmizin vəhşi təbiətinə reintroduksiya edilməsi istiqamətində IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan ofisi tərəfindən intensiv iş aparılır. IDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, nəsli kəsilmiş zubrların bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması, digər növ vəhşi heyvanların elmi məqsədlərlə artırılması üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində 305 hektar sahə ayrılıb, ərazidə zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib.
2019-cu ilin may ayından etibarən Almaniya, Belçika, Niderlanddan Azərbaycana zubrlar gətirilir. Belə ki, 2019-cu ildə 12 baş, 2020-ci ildə beş baş, 2021-ci ildə doqquz baş, 2022-ci ildə isə 10 baş zubr ölkə ərazisinə gətirilib. Təbii artımla birlikdə hazırda Şahdağ Milli Parkının ərazisində zubrların sayı 61-ə çatıb.
Layihənin 2028-ci ilə qədər davam etdirilməsi və zubrların sayının 100 başa çatdırılması nəzərdə tutulur.
Ölkəmizə gətirilən zubrların daim nəzarətdə saxlanılması üçün boyunlarına GPS xaltalar taxılır. Zubrlar sözügedən ərazidə iki il müddətində adaptasiya keçdikdən sonra hərəkət trayektoriyalarının izlənilməsi və sonrakı mərhələdə həyat tərzləri haqqında məlumatların toplanılması məqsədilə boyunlarına GPS cihazları quraşdırılmış boyunbağılarla vəhşi təbiətə buraxılırlar.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26