İsa Həbibbəyli: “Nobelə iddialı olmadıqca heç vaxt bu mükafatı ala bilməyəcəyik”
“Yazıçılarımız Nobel mükafatının verilməsi ilə bağlı tez-tez narazılıqlarını ifadə ediblər. Hətta Məmməd Araz bununla bağlı şeir də yazıb”.
APA xəbər verir ki, bunu AMEA prezidenti akademik İsa Həbibbəyli “Nobel mükafatına aparan yolun dərsləri: Mif, reallıqlar, uğurlar və çağırışlar” adlı konfransda deyib.
“Əlbəttə, bizim də haqqımız var. Ona görə də bizim sərvətimiz qədər intellektual tərəflərimiz də o istiqamətdə çalışmalıdır”, - deyə akademik əlavə edib.
AMEA prezidenti “Nobel”in əlçatmazlığı, müqəddəsliyinin adamlarda ciddi məsuliyyət yaratdığını vurğulayıb:
“Adamlar ona əlçatan kimi baxmayıblar. Bu mənada bizim məqsədimiz həmin mifləri qırmaq, eyforiyanı aradan qaldırmaqdır. Tanzaniyalı bir adam, vyetnamlı siyasətçi, banqladeşli bir nəfər həmin mifləri götürdüyü kimi, biz də götürməliyik. “Nobel”ə gedən yolda addımlamalıyıq. Biz iddialı olmadıqca heç vaxt bu mükafatı ala bilməyəcəyik”.
O qeyd edib ki, Azərbaycan “Nobel”ə ən az müraciət edən ölkələr sırasındadır:
“Fatma Rəhimova-Vəlicanova adında bir həkim müharibə illərində namizəd olub və I Dünya müharibəsi başladığı üçün mükafat öz fəaliyyətini dayandırıb. Nəticədə müraciət cavabsız qalıb. Daha sonra yüksəkoktanlı benzinin kəşfinə görə Yusif Məmmədəliyevin adı namizəd kimi təqdim edilib. Bunun əksini iddia edənlər, yəni yanlış informasiya olduğunu deyənlər də var, təbii”, - akademik deyib.
İsa Həbibbəyli son illərdə isə Xalq yazıçısı Kamal Abdullanın namizədliyi məsələsinə toxunub:
“Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri də Nobel mükafatına təqdim olunub və qeydiyyatdan keçib. Bütün bunlar mükafat istiqamətində mühüm addımlardır”.
AMEA prezidenti əlavə edib ki, son illərdə “Nobel” üzrə ədəbiyyat və sülh mükafatları xaricində digərləri daha çox qrup halında, təşkilat və komanda halında namizədlərə təqdim edilir.
“Bu o deməkdir ki, dünyada kollektiv, yəni qrup halında tədqiqat işlərinin aparılması istiqamətində ciddi işlər görülür. Bu mənada, bizdə də bu cür müxtəlif beynəlxalq laboratoriya təcrübələrindən yararlanaraq eyniadlı mərkəzlər yaradılır”, - akademik əlavə edib.
İsa Həbibbəyli Azərbaycana da nə vaxtsa Nobel mükafatının gələcəyinə inamını ifadə edib.
Akademik əsas mükafatın gəlməsinin yox, Azərbaycan elminin inkişaf etdirilməsinin, dünya ilə ayaqlaşmasının vacibliyini diqqətə çatdırıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26