Interposta.Info

"Bakıda əhali sayı artdıqca infrastuktur yükü qaldıra bilmir" - Ekspert
 

Ölkə
 29-08-2023, 17:15     695

"Bakı şəhərində əhalinin sayı ilə infrastruktur uyğun gəlmir".

Bu sözləri Qaynarinfo-ya iqtisadçı ekspert Natiq Cəfərli intensiv yağışlardan sonra paytaxtın küçələrini suyun basması, kanalizasiya sistemlərinin bərbad işləməsini dəyərləndirərkən deyib.

Vurğulayaq ki, hər dəfə yağış yağandan sonra Bakının mərkəzi küçələri su içində qalır. İnsanların mülklərinə ciddi ziyan dəyir.

Badamdar qəsəbəsi, I yaşayış massivinin sakinləri Qaynarinfo-ya bildiriblər ki, çirkab sularından xilas ola bilmirlər. "Dəfələrlə şəxsi vəsaitlərimiz hesabına kanalizasiya sistemini təmizlətmişik, lakin əlaqədar qurumlar heç bir iş görmür. Şikayətimizə baxan da yoxdur. Bütün qapılar üzümüzə bağlıdır. Deputatlmız və bələdiyyə bu işlərlə maraqlanmır", deyə sakinlər bildirib.

Vəziyyəti şərh edən Natiq Cəfərli qeyd edib ki, ölkə əhalisinin 40%-nin Bakı və Abşeron yarımadasında yaşadığını nəzərə alsaq deyə bilərik ki, şəhərin kanalizasiya, su, yol infraskturu artıq yükü qaldıra bilmir:

"Zamanında buraxılan səhvlərin acı nəticəsi özünü göstərir. Vaxtılə, Bakı şəhərində kanalizasiya xətləri ilə paralel olaraq yağış sularının axıdılması üçün ayrıca yeraltı xətlər də mövcud idi. 2000-ci illərin əvvəllərində tikinti bumu zamanı yağış suları üçün nəzərdə tutulmuş xətlərə kanalizasiya suları birləşdirildi. Nəticə etibarı ilə bu iki xətt bir-birinə qarışdı. Avropa şəhərlərində sular üçün ayrıca xətlər və küçələrdə dəlikli dəmirlə örtülü yağış suları üçün nəzərdə tutulmuş su xətləri mövcüddur. Belə xətlər artıq Bakıda bu mövcud deyil və ciddi problemlərə səbəb olur. Hər dəfə yağış yağandan sonra müxtəlif yerlərdə su basqını olduğunun, evlərə, mağazalara ziyan dəydiyinin şahidi oluruq".

Mütəxəssis Bakı şəhəri üzrə bu problemin həlli yollunun çox çətin olduğunu vurğulayıb:

"Ya yağış suları üçün ayrıca xəttlərin çəkilməsinə ehtiyac var, ya da hansı ərazidə daha ciddi problemlər varsa, orada yağış və kanalizasiya xətləri ayrılmalıdır. Bunun üçün küllü miqdarda vəsait lazımdır. Hökümətin isə hazırda prioriteti bu deyil. Əsas prioritet sosial və işğaldan azad olunmuş torpaqlarda infrastuktur layihəhələridir. Ona görə də belə vəziyyət yaranır”.

Natiq Cəfərli qeyd edib ki, sadalanan məsələlər ümumi mənzərənin təsviridir. Amma problemə daha sistemli yanaşsaq, Bakı şəhərinin vahid mərkəzdə birləşdirilməsi və idarə olunmasının asanlaşdırılmasına ehtiyac var:

"Bakı şəhərində müxtəlik nazirliklər, idarələr, dövlət və hökümət qurumları şəhərin təsərrüfatı ilə birbaşa məşğuldurlar, amma vahid mərkəzdən idarə olunmur. Böyük şəhər bələdiyyəsinin yaradılması bu problemin həllində böyük rol oynayar".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26