Interposta.Info

Vüqar Bayramov: “Banklardakı depozitlərin aylıq həcmi iki dəfə azalıb”
 

Ölkə
 29-08-2023, 15:10     139

“Bu ilin geridə qalan aylarında əhalinin banklardakı depozitlərinin aylıq həcmində iki dəfə azalma qeydə alınıb”.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, ilk hal bu ilin fevral ayında baş verdi və depozit məbləği 27 milyon manat azaldı:

“Bu, 2021-ci ilin avqust ayından sonra ilk azalma idi. Əhalinin banklarda olan əmanətlərinin azalması ötən ayda da qeydə alındı. Belə ki, avqustun 1-nə olan məlumata görə, ümumi əmanətlərin həcmi əvvəlki ay ilə müqayisədə 43,3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşdü”.

V.Bayramovun sözlərinə görə, banklardakı depozit gəlirlərinin fevral ayından etibarən vergiyə cəlb edilməsi də əmanətlərin həcminə təsir göstərir:
“Doğrudur, xərcləmələr və eləcə də real sektora sərmayələr, mövsümi faktorlar da öz təsirlərini saxlamaqdadır. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımından da əhəmiyyətlidir. Bu baxımdan, əmanət portfelinin dayanıqlı artımına nail olmaq çox vacibdir.

Bu kontekstdən daha məqsədəuyğun olardı ki, Vergi Məcəlləsinə dəyişiklik edilərək əmanətlər üzrə diferensial vergi güzəşti tətbiq olunsun. Təklif edirik ki, qorunan əmanətlər, eyni zamanda, vergidən azad olunsun. Bu halda, 100 min manatadək əmanətlər 10 faizlik gəlir vergisindən azad oluna bilər ki, bu da depozit yığımlarını stimullaşdıraraq daha da artırar”.

Parlamentari bildirib ki, vətəndaşların passiv vəsaitlərinin banklar vasitəsilə real sektora yönəldilməsi üçün diferensial vergi güzəştinin tətbiqinə ehtiyac var. Onun sözlərinə görə, bu, həmçinin, evlərdə saxlanan pulların depozitə çevrilərək vətəndaşlarımızın gəlir əldə etməsinə də imkan yaradar.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26