Interposta.Info

İctimai Şuralar niyə tənqid edilir? (ARAŞDIRMA)
 

Ölkə / Manşet
 18-07-2023, 15:44     633

Milli Məclisin deputatı Etibar Əliyev bir neçə gün öncə üzvü olduğu Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuradan istefa verib. Deputatın bu istefası İctimai Şuralar ətrafında söz-söhbəti yenidən gündəmə gətirdi. İstər sosial şəbəkələrdə, istər ziyalılar araında İctimai Şuralar haqqında fikir ayrılıqları, polemikalar yaratmağa başladı.

"İnterPosta"İctimai Şuralar, ümumiyyətlə onların fəaliyyəti lazımdırmı, Dövlət qurumlarının yanında formalaşdırılan İctimai Şuraların niyə fəaliyyəti formaldı, İctimai Şuraya seçkilər nə dərəcədə şəffaf və demokratik keçirilir və s. sualları cəmiyyətdə ictimai nüfuzu olan şəxslərlə müzakirə edib.

İctimai Şuralar nədir və niyə yaradıldı?

Politoloq Zaur İbrahimli bildirir ki, İctimai Şuralar yerli və milli səviyyədə ictimai əhəmiyyətli qərarların hazırlanmasında, qəbulunda və icrasında vətəndaş cəmiyyəti institutlarının bilavasitə iştrakını təmin edir:

"Azərbaycan təcrübəsində İctimai Şuralar məşvərətçi, konsultativ xarakter daşıyır. Bununla belə "İctimai Şuralar haqqında” qanunda İctimai Şuralar üçün kifayət qədər geniş səlahiyyətlər nəzərdə tutulub. Belə ki, onlara verilən səlahiyyətlər imkan verir ki, İctimai Şuralar real olaraq qərarların hazırlanmasında, qəbulunda iştirak eləsin. O eyni zamanda icraya nəzarəti həyata keçirib, ictimai nəzarəti təmin etsin, monitorinqlər apararaq icra prosesinə təsir etsin. İctimai Şura həm də ictimaiyyətin, vətəndaş cəmiyyətinin ictimai nəzarət institutudur.

İctimai Şuralar niyə tənqid edilir? (ARAŞDIRMA)
 


"Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimliyə görə isə İctimai Şura dövlət qurumlarının işinə ictimaiyətin nəzarəti deməkdir. O, bildirir ki, İctimai Şuralar- yəni ictimai nəzarət hər yerdə və hər dövlətdə var. Yəni demokratik ölkələrdə bu nəzarət mətbuat və sivil toplum ( ictimai ) təşkilatları tərəfindən təbii olaraq keçirilir. Bunun sayəsində də hökumət təşkilatları daha şəffaf və dürüst çalışırlar.

"Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra icra hakimiyətləri yanında ictimai nəzarət deyilən bir sistem yaradılmışdı. 2013-cü ildə "İctimai İştirakçılıq haqqında” Prezident Fərmanı imzalandı. 2014-cü ilin yanvar ayında isə Qanun qəbul olundu. Bundan sonra isə tədricən nazirlik və bəzi dövlət qurumları və yerli icra hakimiyətləri yanında İctimai Şuralar yaradılmağa başladı. Hətta Ədliyyə Nazirliyi bu Qanunun qəbulundan bir neçə il əvvəl öz yanında İctimai Şura yaratdı. Lakin yuxarıda da dediyimiz kimi İcra hakimiyəti içərisində sovet rejimindən qalma korrupsiya və digər xoşagəlməz hallar olmasaydı və mətbuatın, İctimai təşkilatların informasiya əlçatanlığı olsaydı, ayrıca Şuraları təsis etməyə gərək qalmazdı,- deyə Q. İbrahimli qeyd edib.

Hüquqşünas Mirəli Hüseynov isə deyir ki, İctimai Şuralar yarananda cəmiyyətdə belə də böyük bir səs küyə səbəb oldu. İnsanlar düşündü ki, ictimai Şuralar onların problemini çatdıra biləcəklər. Amma onların fəaliyyətsizliyini görəndən sonra insanlarda bu inam itdi.

Dövlət qurumlarının yanında formalaşdırılan ictimai şuraların niyə fəaliyyəti formaldı? Onlar niyə tam fəaliyyət göstərə bilmir?


Qorxmaz İbrahimli bildirir ki, şuraların fəaliyətinin formal olmasında birinci növbədə müvafiq dövlət qurumları səbəbkardır. "Eyni zamanda, QHT və mətbuat nümayəndəri də bu məsələdə tam professionallaşmayıblar. Bir də bəzən bu və ya digər dövlət qurumunda illər ərzində formalaşmış problemləri yaradılmış şuralara seçilmiş bir neçə nəfərin çözəcəyini düşünürlər. bundan bir neçə il əvvəl ölkə Prezidenti çıxışlarının birində ictimai nəzarətin vacibliyini dilə gətirdikdən sonra dövlət qurumları bu şuraları formalaşdırmağa qalxdılar. Başa düşdülər ki, dövlət başçısı bu məsələni şəxsi nəzarətinə götürdüyündən başqa çarələri qalmayacaq və yaratmağa başladılar. Şuraların yarandığı və fəaliyət göstərdiyi son iki ili gözdən keçirsək, görərik ki, ciddi bir irəliləyiş və ya dəyişiklik yoxdur. Deyə bilərsiniz ki, İctimai şuraların yaranması ilə bu xoşagəlməz halların qarşısı alındı, məmurlar islah olundu. Ancaq elə deyil. Dediyimiz kimi İctimai Şuraların yaradılmasının qaçılmaz olduğunu anlayan bir çox nazirlik, komitə və İH başçıları loyal, onların istədiyini yerinə yetirəcək Şuralar formalaşdırmağa başladılar.



Özümün üzvü olduğum dövlət qurumlarından bir neçəsinin təcrübəsi bir çox məsələləri ortaya çıxardı. Məsələn ETSN yanında İctimai Şuramız kifayət qədər savadlı kadrlardan formalaşıb. Çox çalışqan üzvlərimiz var. Lakin bu Nazirlik informasiya əlçatanlığına şərait yaratmır. Nazirlikdə Şuranın daimi bir çalışma otağı belə yoxdur. Hərdən mən detirəm, bu nazirlik bizi sanki buraya ağac əkməyə seçilmiş kimi təsəvvür edir. Söyüdlü olayı da ETSN-in Şuranı işdən kənar tutmasının bariz nümunələrindəndir. Ən azından yaradılmış Hökumət komissiyasına belə bizləri daxil etmədilər. Bu, nazirliyin ögey münasibətinə örnəkdir.

Monitorinqlərə şərait yaratmırlar, xüsusən regional idarələri bizləri tanımır və ya tanımaq istəmirlər. Əskikliklər saymaqla bitməz. Üzvü olduğum Azərsu ASC yanında İctimai Şuraya bu dövlət qurumu müvafiq çalışma otağı verdi. İstədiyimiz zaman gərəkən monitorinqləri gerçəkləşdirməmizə əngəl olmaq yox, şərait yaratmağa çalışdılar. Lakin orada biz Şura üzvləri işimizi düzgün qura bilmədik və iki il demək olar, fəaliyətsiz olduq. Bizi su problemləri ilə bağlı böyük tədbirlərə belə dəvət etdilər, fikrimizi dəyərləndirdilər. İstənilən vətəndaş şikayəti tərəfimizdən yönləndirilirkən dərhal araşdırılır, vaxtında cavab verilirdi. Bizim bu dövlət qurumunda daha çox iş görmə, fayda vermə imkanımız var idi. Verə bildiklərimizi verdik,- deyə Q. İbrahimli vurğulayıb.

Zaur İbrahimli isə bildirib ki, İctimai Şuraları tənqid edərkən biz bir məsələyə də nəzər salmalıyıq. "Bu, ictimai şuraların maddi texniki təminatıdır. Hazırda mövcud qanunvericilik dövlət qurumlarının İctimai Şuranın tədbirlərini, onların ezamiyyətlərini təşkil etməyə imkan vermir, yəni birbaşa maliyyə ayıra bilmirlər. Dolayısı ilə maliyyə resursları axtarılır. Bu isə çox ciddi çətinlik törədir. Həm də açığı, dövlət qurumları üçün əsaslı bir bəhanə olur ki, İctimai Şuranın təşəbbüslərini icra etməkdən yayınsınlar. İctimai Şuranı tənqid edərkən onların zəif fəaliyyətinin də obyektiv əsaslarını qeyd etməliyik. Əgər hökumət doğurdan da ictimai şuraların fəaliyyətini gücləndirmək, impuls vermək istəyirsə, bu məsələni mütləq diqqətə almalıdır və İctimai Şuranın fəaliyyətinin maddi, texniki təminatının əsasları gücləndirilməlidir. Burada nəzərdə tutmur ki, İctimai Şura üzvləri əməkhaqqı və yaxud qonorar alsınlar. Mən indiki formatda bunun əleyhinəyəm. Lakin onların tədbirlərinin maliyyələşməsi, onların ekspertlər cəlb etməsi, öz işini daha yaxşı qurulması üçün fəaliyyətlər, həyata keçirilməsi, yalnız fəaliyyətlərin maliyyələşməsi ilə bağlı qanunvericilikdə dəyişikliklər olmalıdır və müvafiq prosedurlar, normativlər nəzərdə tutulmalıdır,- Z İbrahimli qeyd edib.

Mirəli Hüseynov isə düşünür ki, bunun xeyli səbəbləri var.

"İlk növbədə problem İctimai Şura özünün təşkili formasından qaynaqlanır. Bəllidir ki, qanunvericilik İctimai Şuranın təşkilinə seçkilər qaydasında formalaşmasını nəzərdə tutur. Bax elə ən böyük problem burada formalaşır. Yəni faktiki olaraq qanunvericiliklə vətəndaşların ictimai idarəetmədə iştirakı üçün müəyyən məhdudiyyət yaranır. Hər iki ildən bir seçkilər keçirilir və iki ildən bir keçirilən seçkiləri təcrübəsindən baxsaq görərik ki, daha çox cüzi istisnalarla eyni insanlar seçilirlər. Bax elə bunun özü çox mətləbə aydınlıq gətirir. Necə olur ki, demək olar ki, eyni tipli insanlar, illərlə İctimai Şurada təmsil olunurlar və təcrübə də göstərir ki, Yəni təcrübədə onu göstərir ki, müətlə dəyişiklik olmalıdr. Əgər müəyyən bir qurumda davamlı keçirilən seçkilərdə eyni insanla təmsil olarsa, əlbəttə ki, burada tək faydalılıqdan, müəyyən bir səmərədən söhbət gedə bilməz”,- M. Hüseynov belə düşünür.

İctimai Şuralar niyə tənqid edilir?



Zaur İbrahimli bildirib ki, Nazirliklərdən əvvəl İctimai Şuraların tənqid olunması, ilk növbədə onlardan gözləntilərlə bağlıdır. "İctimai Şuralar yeni yaranmış qurumdur. Bu vaxta qədər nazirliklər mövcud olub və bir çox nazirliklərin fəaliyyəti ictimai rəydə neqativ təəssürat yaradıb və gözlənilirdi ki, İctimai Şuralar yaranandan sonra bu neqativlərin bir hissəsi aradan qalxar. Lakin bu baş vermədi. Əlbəttə, bu, yalnız İctimai Şuraların yaradılması ilə düzələn iş deyil. Sadəcə İctimai Şuralar bu problemləri daha peşəkar şəkildə qabarda bilərdilər və yaxud çətinliklərin obyektiv səbəblərini izah edə bilər. Lakin bu, baş vermədi və çox təəssüf ki, İctimai Şuralar tənqidi məqamlardan qaçırlar və bu da həm ictimaiyyətdə, həm də insanlar arasında vətəndaş cəmiyyətində birmənalı qarşılanmır”,- Z. İbrahimli qeyd edib.

Mirəli Hüseynov isə deyir ki, uman yerdən küsərlər:

”İnsanların dövlət, dövlət hakimiyyət orqanlarından gözləntiləri o qədər azalıb ki, artıq ümidlərin bu İctimai Şuralara bağlayırlar. Hər halda onların yanında fəaliyyət göstərir, onlarla müəyyən təmaslarla əlaqələri var, onlara təsir imkanları var və vətəndaş cəmiyyətinin missiyası, cəmiyyətdə olan mövqeyi insanlara müəyyən ümid verir ki, bu qurumlar vasitəsilə bəlkə də nəsə ola bilərlər. Amma çox təəssüf ki, bu insanların bu gözləntiləri əbəs olur və zaman da göstərir ki, əslində İctimai Şuralar da ciddi bir nəticə əldə edə bilmirlər. Onun fəaliyyətində səmərəlilik çox aşağı bir səviyyədədir. Biz İyirmiyə yaxın dövlət orqanı yanında İctimai Şuranın fəaliyyətini görə bilirik.. Amma nəticələr yoxdur. Formal olaraq yaradılır, formal olaraq mövcuddur, fəaliyyəti var”.

Qorxmaz İbrahimli bildirir ki, illərdir müvafiq İcra Hakimiyəti qurumunda, nazirlik, komitə və s. olsun daşlaşmış problemlərin həllini yenicə formalaşmağa başlayan İctimai Şuralardan gözləmənin özü yanlışdır. Bu məsələlər sistem islahatları olmadan həllini tapa bilməz:

”Birinci növbədə rayon İcra Hakimiyətləri ləğv olunmalıdır. Bu, zamanında Rusiyadan bir növ kopyalanmış strukturdur. Çalışa bilməz. Ölkədə inzibati rayonlaşma dəyişilməli, vilayət sisteminə keçilməli, ciddi islahatlar aparılmalıdır. Eləcə də nazirlik və komitələrə təyinatlardan tutmuş iş sisteminə qədər islah olunmalıdır. Yoxsa ctimai Şura üzvləri nə qədər fərasətli və bilgin insan olsalarda, demokratik, islah olunmuş strukturlar olmadan dəyişikliklər olmayacaqdır. Məncə İctimai İştirakçılıq Haqqında Qanunda da ciddi dəyişikliklər olunmalıdır. Amma bu, o demək deyil ki, ictimai nəzarət sürətlə islahata səbəb olacaq”.

İctimai Şuraya seçkilər nə dərəcədə şəffaf və demokratik keçirilir?


Sualımıza cavab olaraq hüquqşunas Mirəli Hüseynov bildirib ki, İctimai Şuralardan insanların xəbəri yox idi:

"Çox kiçik bir kəsimin, xüsusilə də bu qurumda iştirak edən qurumun subyektlərin, daha doğrusu müəyyən qədər məlumatlığı var idi və onların buna bağlı gözləntiləri var idi. Amma indi də əslində demək olmaz, gözlənti yoxdu. Ən azı İctimai Şurası seçkilərin yüksək həvəsi, maraq olmasına şahid oluruq”.



Qorxmaz İbrahimli hesab edir ki, bu seçkilər normal keçirilir. Amma forması düzgün deyil:

"Bəzi dövlət qurumlarına keçirilən seçkilərdəki neqativ halları danmaq olmaz. Ancaq əsasən QHT və mətbuat nümayəndələrinin qatıldığı bu seçkilər şəffaf keçirilir. Ən azından səslərin sayılması bir çox qurumlarda canlı şəkildə sosial media üzərindən yayımlanaraq gerçəkləşdirilir”.

Zaur İbrahimli isə bildirir ki, bizim qanunvericilik bir nəfərin bir neçə İctimai Şuraya seçilməsinə qadağa qoymur:

"Lakin mən hesab edirəm ki, əgər biz ixtisaslaşma tələbini gücləndirə, qanunvericiliyə gətirə bilsək, bu halda öz-özünə aradan qalxacaq. Çünki bir mütəxəssis yalnız bir uzağı iki sahə üzrə, yəni o da bir birinə oxşar bənzər sahə üzrə ixtisaslaşa bilər. Hesab edirəm ki, biz məhz bu aspektə doğru yönəlməli, yəni məsələni daha fundamental səviyyədə həll etməliyik. Onda əlbəttə, biz Ekologiya Nazirliyinin yanında İctimai Şuraya sırf bu sahəyə, yəni Ekologiya Nazirliyinin fəaliyyət sahəsi ilə əlaqədar ixtisaslaşmış və yaxud da konkret bilik və təcrübəyə malik olan qeyri-hökumət təşkilatlarının nümayəndələri seçiləcəklər. Hesab edirəm ki, ixtisaslaşma getsə, bir neçə İctimai Şurada bir nəfərin təmsil olunmağı problemi də öz özünə həll olunacaq. Biz, yəni qadağanlar şəklində yox, İctimai Şuranın formalaşması mexanizmlərində dəyişiklik edib daha fundamental səviyyədə bu problemi daha daha məqbul, daha yaxşı formada həll edə bilərik”.

İctimai Şuralar nazirliklərə təzyiq edə bilirlərmi?


Qorxmaz İbrahimli qeyd edib ki, İctimai Şuralar bu və ya digər dövlət qurumuna təzyiq etmək üçün yaradılmayıblar. Onlar orada neqativ halların olmaması, məmurların başarılarının yüksək olması, vətəndaşlara xidmətin yüksək olması üçün çalışmalıdırlar.

Zaur İbrahimli qeyd edib ki, İctimai Şuraların dövlət qurumlarına bilavasitə təzyiq imkanları yoxdur. Onların məşvərətçi qurum kimi hər hansı bir məsələ ilə bağlı peşəkar ekspertiza, sorğular, yazılı təkliflər, tövsiyələr vermək, ictimai rəyi səfərbər etmək imkanları var, İctimai Şuraların təzyiq və təsir imkanları çox güclü və çox genişdir. Qanunvericilik də buna imkan verir. Həmçinin indiki informasiya kommunikasiya texnologiyaları da İctimai Şuralar üçün çox geniş imkanlar açır. Sadəcə, bu imkanlardan istifadə etmək lazımdır.

Mirəli Hüseynov düşünür ki, İctimai Şuraların yaradılmasında problem yoxdur. Problem onun yaradılma mexanizmi ilə bağlıdır. Problem idarətetmənin, mahiyyətin özü ilə bağlıdır. Bunu yalnız İctimai Şuranın özünün fəaliyyəti ilə bağlamaq olmaz:

"Əminəm ki və şübhə etmirəm ki, İctimai Şuranın içərisində, həqiqətən də özümün şəxsən tanıdığım insanlar var ki, onların böyük marağı var, böyük həvəsi var, nəsə etmək istəyirlər, müəyyən töhfə etmək istəyirlər. Amma, yenə də bu İctimai Şura hamısı birmənalı şəkildə belə də qiymətləndirmək doğru deyil. Bunların özləri arasında müəyyən fərqlər mövcuddursa, müəyyən İctimai Şura var ki, baxırsan ki, nə nələrsə etmək istəyirlər”.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26