Interposta.Info

 

Adı “Qırmızı kitab”a düşən heyvanları qanunsuz saxlayan istirahət mərkəzinin sahibi cəzalandırıldı - FOTO

Ölkə
 14-07-2023, 15:46     114

Abşeron rayonu, Novxanı qəsəbəsində fəaliyyət göstərən “AF Hotel Aquapark” istirahət mərkəzinin ərazisində heyvanların qəfəsdə əlverişsiz şəraitdə saxlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib. Xidmət rəisi Firuddin Əliyev bildirib ki, sözügedən obyektə Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətlərinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı obyektin ərazisində heyvanların əlverişsiz şəraitdə saxlanıldığı məlum olub:

“Araşdırma zamanı heyvanların saxlanılması üçün “AF Hotel Aquapark” istirahət mərkəzinin zooloji kolleksiya şəhadətnaməsinin olmadığı müəyyən edilib”.

Xidmət rəisinin sözlərinə görə, mərkəzin zooloji kolleksiya şəhadətnaməsinin olmadığı və heyvanların qanunsuz saxlandığı üçün obyektin sahibi Sevinc Rəşidova barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2 000 manat məbləğində cərimə olunub.

F.Əliyev onu da qeyd edib ki, bu gün heyvanlar baytar həkim tərəfindən müayinə olunduqdan sonra Şamaxı Safari Parka təhvil veriləcəklər.
Xatırladaq ki, istirahət mərkəzində adı “Qırmızı kitab”a salınmış heyvanların acınacaqlı durumda saxlanıldığı haqqında redaksiyamıza oxucular müraciət etmişdilər.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26