Interposta.Info

"Cənnət Bağı"nın rəhbərinə cinayət işi açıldı

Ölkə
 16-03-2021, 19:01     151

Öz qanunsuz əməlləri ilə dövlətin ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində həyata keçirdiyi siyasətə kölgə salan vəzifəli şəxslərə qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan "İnterPosta"ya bildirilib ki, belə tədbirlərdən biri kimi, Xızı rayonunun inzibati ərazisində fəaliyyət göstərən “Cənnət bağı” Altıağac istirahət mərkəzinin istifadəsinə verilmiş torpaq sahəsində ağac və kolların qanunsuz kəsilməsi və məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib.
Aparılmış istintaq zamanı Xızı rayonunun ərazisində fəaliyyət göstərən Altıağac “Cənnət Bağı” istirahət mərkəzinin direktoru Əliyev Cahangir Ramiz oğlunun Azərbaycan Respublikasının Altıağac Milli Parkı arasında bağlanmış müqaviləyə əsasən istirahət mərkəzinin istifadəsinə verilmiş torpaq sahəsini mühafizəsiz qoymaqla ağacların və ot örtüyünün zədələnməsinə səbəb olmasına, 2039 ədəd müxtəlif növdə ağacları, kolları və digər yaşıllıqları qanunsuz olaraq kəsməsinə, habelə müxtəlif tikinti və qazıntı işləri aparmaqla torpağın münbit qatını qəsdən korlayaraq, bununla da təbiətə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə ümumilikdə 63 min manat məbləğində mühüm ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə o, Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə öz qulluq mövqeyindən istifadə etməklə törədilməklə), 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədilməklə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, cinayət işi üzrə ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26