Interposta.Info

Kür çayı dənizə qovuşub 

 

 

Ölkə
 25-03-2023, 15:21     144

Kürdə suyun səviyyəsi 1,7 metr qalxıb. Bu isə çayboyu quraşdırılmış su nasos stansiyalarının məhsuldar işləməsinə də səbəb olub.

AZƏRTAC xəbər verir ki, qlobal ekoloji problem səbəbindən çayın aşağı axınlarında, xüsusilə Salyan və Neftçala rayonlarının ərazisində içməli su, həmçinin kənd təsərrüfatının suvarılması baxımından ciddi təhlükə yaranmışdı. Son günlər Kür çayının səviyyəsində gözəçarpacaq dərəcədə qalxma müşahidə olunur. Belə ki, çay suyu Xəzər dənizinə birləşdiyi ərazidə quraşdırılan suaşıran bəndləri keçərək yenidən dənizə qovuşmağa başlayıb. Həmçinin Kürün deltasında yaradılan balıqkeçiricilərdə də kifayət qədər su yığılıb. Bu da balıqların kürüləmək üçün Kür çayına maneəsiz daxil olması deməkdir.

Hazırda Salyan və Neftçala rayonları ərazisində çay sahilində yaşayan sakinlərin içməli su problemi qaydasına düşür. Kürdə suyun səviyyəsi daha da qalxarsa, sakinlər yaranan problemi geridə qoyacaqlar. Meliorasiya və Su Təsərrüfatı ASC-nin Neftçala Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Pənah Mehnətovun sözlərinə görə, rayonun əkin sahələrinin suvarılmasında yaranan problemlər aradan qalxır. Hazırda sahələri suvarmaq üçün istifadə edilən kanallar nasos stansiyaları vasitəsilə qidalandırılır. Nasoslar növbəlilik prinsipi ilə işləyir.

Pənah Mehnətov bildirib ki, suaşıran bəndlərin tikintisində məqsəd Kür çayının azsululuq dövründə su ehtiyatının yaradılması və qorunub-saxlanılması, çoxsululuq dövründə isə dəniz suyunun çaya qarışmasının qarşısını almaqdır:
“Gördüyünüz kimi, hər iki bəndin üzərindən Kür çayının suyu Xəzər dənizinə tökülür. Eyni zamanda, Xəzər dənizindən Kür çayına balıqların miqrasiyası üçün nəzərdə tutulmuş bənddən suyun keçməsi təmin edilib. Hazırda Salyan və Neftçala əhalisinin su ehtiyacı ödənilir”.

Qeyd edək ki, Kür çayının əsas və əlavə qolunun Xəzər dənizi ilə qovuşmasında tikilən suaşıran bəndlərin inşasına ötən il başlanılıb və bu ilin yanvarında başa çatıb. Birinci bəndin uzunluğu 350, eni 16, ikinci bəndin uzunluğu 200, eni 16, balıq keçiricisinin isə uzunluğu 20, eni üç metrdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26