Interposta.Info

Azercell Türkiyəyə radio baza stansiyaları və humanitar yardım göndərir

Ölkə
 15-02-2023, 18:33     186

Azercell Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstəyini davam etdirir. Şirkət qardaş ölkəyə 3 yük maşını humanitar yardım göndərib. Yardım təbii fəlakətdən zərər çəkənlərə kömək etmək üçün generator və digər həyati zəruri ləvazimatlardan ibarətdir.

Humanitar yüklərdən əlavə, lider operator zəlzələ bölgəsində davamlı mobil bağlantını təmin etmək məqsədilə bir neçə mobil baza radiostansiyası, texniki sursat göndərir və telekommunikasiya infrastrukturunun bərpası üzrə təxirəsalınmaz kompleks işlərin aparılmasında yerli mütəxəssislərə dəstək göstərəcək bir qrup Azercell mühəndisini Türkiyəyə ezam edir. Yardımın fəlakət bölgəsinə tez və səmərəli çatdırılması üçün şirkət aidiyyəti təşkilatlarla sıx əməkdaşlıq edir.

Humanitar yardımın və texniki dəstəyin göstərilməsi Azercell-in bu dağıdıcı təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində qəbul etdiyi qardaş ölkəyə dəstək proqramının bir hissəsidir.

"Azercell Könüllüləri” komandası şirkətin əməkdaşları arasında Türkiyədə zəlzələdən zərər çəkənlərə kömək etmək üçün zəruri əşya və maddi yardımın toplanması kampaniyası təşkil edib. Bundan əlavə, şirkət "Nargis” Fondu və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində Azercell abunəçilərinin öz ianələrini SMS vasitəsilə göndərə biləcəkləri qısa nömrələri istifadəyə verib.


Azercell Türkiyəyə radio baza stansiyaları və humanitar yardım göndərir


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26