Interposta.Info

Ölkəmizə göndərilən humanitar yüklər barədə yeni qərar

Ölkə
 16-09-2022, 20:15     209

Azərbaycan Respublikasına göndərilməsi nəzərdə tutulan humanitar yüklər barədə müraciətlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya digər aidiyyəti orqan (qurum, təşkilat) vasitəsilə Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyasına təqdim ediləcək.

"İnterPosta"xəbər verir ki, bu, Nazirlər Kabineti tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasının ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü Qaydaları”nda əksini tapıb.

Qaydaya əsasən, Komissiyaya təqdim edilən müraciətlərdə humanitar yükü göndərən subyektin adı, yardımın məqsədi, növü, adı, çeşidi, miqdarı, yükü qəbul edən orqanın (qurumun) adı, yükün ünvanlandığı ərazi, humanitar yükün paylanılması (çatdırılması, bölgüsü) nəzərdə tutulan şəxslər barədə məlumatlar əksini tapmalıdır.

Humanitar yüklər "Əhalinin sağlamlığının qorunması haqqında”, "Sanitariya-epidemioloji salamatlıq haqqında”, "Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikasının Gömrük və Vergi məcəllələrinin, habelə Azərbaycan Respublikasının müvafiq sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlarının tələblərinə uyğun olmalıdır.

Mövcud tələbat nəzərə alınmaqla, humanitar yüklərin qəbul edilməsi məsələsi Komissiyanın razılığı əsasında rəsmiləşdirilir. Komissiyanın razılığı müvafiq humanitar yükün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, humanitar yükü qəbul edən orqana (quruma) və digər aidiyyəti quruma göndərilir.

Humanitar yükün Komissiyanın razılığında və gömrük bəyannaməsində göstərilən məlumatlara uyğunluğu müəyyən olunduqdan sonra həmin yük qəbul edilir. Yükün rəsmiləşdirilərək qəbul edilməsi, həmçinin aşkar olunan kənarlaşma və bunun səbəbləri barədə məlumat Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 1638 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 4.1.4-cü yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən Komissiyaya göndərilir.

Yükü qəbul edən orqan bu Qaydaların əlavəsinə uyğun olaraq humanitar yüklərin kağız və elektron qaydada uçotunun aparılmasını təşkil edir.

Qaydaya əsasən, həmçinin, humanitar yüklərin təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü müəyyənləşib. Humanitar yüklərin tərkibinə daxil olan malların növləri nəzərə alınmaqla, yükün ünvanlandığı və paylanılması nəzərdə tutulan şəxslərin olduğu təyinat yerinə çatdırılması yükü qəbul edən orqan (qurum) tərəfindən həyata keçirilir.

Donorların təşəbbüsü olduqda, bu Qaydalarda göstərilən tədbirlər donorların nümayəndələri tərəfindən və ya onların iştirakı ilə həyata keçirilir. Humanitar yükün kütləvi çatdırılmasına təcili tələbat yarandıqda, yükü qəbul edən orqan (qurum) tələb edilən vətəndaş cəmiyyəti institutlarının (hüquqi və fiziki şəxslərin) dairəsini müəyyən edir və onların siyahısını Komissiyaya təqdim edir.

Yükü qəbul edən orqanın (qurumun) məsul vəzifəli şəxsi tərəfindən hər günün sonunda humanitar yüklərin təyinat yerinə çatdırılması və bölgüsü barədə həmin orqana (quruma) məlumat verilir. Yükün xüsusiyyətlərindən asılı olaraq, anbarda onun saxlanılması və mühafizəsi yükü qəbul edən orqan (qurum) tərəfindən təmin edilir.

Humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsünə nəzarətin təmin edilməsi məqsədilə yükü qəbul edən orqan (qurum) tərəfindən ildə iki dəfə Komissiyaya hesabat təqdim edilir. Hesabat hər il iyul və yanvar aylarının 20-dən gec olmayaraq təqdim edilir.

Humanitar yüklərin bu Qaydalarda göstərilən təyinatından kənar məqsədlərlə istifadə edilməsinə yol verilmir.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 1638 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 2.1.1-ci yarımbəndinə uyğun olaraq humanitar yüklərdən sui-istifadə halları barədə məlumatları aşkar edən şəxslər və ya vətəndaş cəmiyyəti institutları bu barədə Komissiyaya məlumat verirlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26