Interposta.Info

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

Ölkə
 20-05-2022, 19:27     212

Rusiyada müqaviləli hərbi xidmət yaşının artırılması təklif olunur. Novator.az saytı xəbər verir ki, bu məqsədlə parlamentin aşağı palatasına – Dövlət Dumasına yeni qanun layihəsi təqdim edilib.

Hazırkı qanunvericiliyə görə, Rusiyanın 18-40 yaş arası vətəndaşları müqavilə əsasında hərbi qulluğa qəbul oluna bilər. Əcnəbilər üçün isə yaş həddi 18-30 arasıdır.

Dövlət Dumasına təqdim edilən layihədə 40 yaşdan yuxarı şəxslərə – həm Rusiya vətəndaşlarına, həm də əcnəbilərə müqaviləli hərbi xidmət hüququ verilməsi nəzərdə tutulur.

Yaş həddinin artırılması təklifi daha təcrübəli, daha yüksək səviyyəli mütəxəssislərin orduya cəlb olunması zərurəti ilə əsaslandırılır.

ABŞ-ın “Reuters” agentliyi belə bir layihənin ortaya çıxmasını Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirir. Üç aydır davam edən müharibədə Rusiyanın ciddi müqavimətlə üzləşdiyinə diqqət çəkən “Reuters” 40 yaşdan yuxarı şəxsləri orduya yığmaqla Rusiyanın həm də Ukrayna döyüşlərində mövqelərini möhkəmlətməyə çalışdığını iddia edir.

“Reuters” yeni təklifi qismən səfərbərliyin bir növü kimi qiymətləndirir.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq hər iki ərazidə separatçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk vilayətlərində qurulmuş rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26