Interposta.Info

Nazirlər Kabineti müharibə veteranları ilə bağlı yeni qərar verdi

Ölkə
 31-03-2022, 13:23     297

Nazirlər Kabineti müharibə veteranları ilə bağlı yeni qərar verib.

"İnterPosta" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Belə ki, "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə dair məlumatların müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verildiyi vaxtdan, 5 (beş) iş günündən gec olmayaraq, kağız və elektron daşıyıcıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsini təmin edəcəklər.

Məlumat üçün bildirək ki, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə dair məlumatların müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Zəfər” altsisteminə daxil edilməsini təmin edirlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26