Interposta.Info

"Azərsu": Neftçalanın su təchizatı üçün tədbirlər görülür

Ölkə
 9-03-2022, 18:20     1 320

"Azərsu" ASC Neftçala rayonundakı yaşayış məntəqələrinin içməli su təchizatında yaranan problemin həlli məqsədilə təxirəsalınmaz tədbirlər görür.

Bu barədə "İnterPosta"ya qurumdan bildirilib.

Məlumatda deyilir ki, qlobal iqlim dəyişikliyi və son illər müşahidə olunan quraqlıq nəticəsində yaranmış su çatışmazlığının aradan qaldırılması məqsədilə zəruri tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” çərçivəsində içməli su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin, o cümlədən Neftçala rayonunun su təchizatı üçün tədbirlər görülür

Ölkə başçısının xüsusi tapşırıqlarına uyğun olaraq 2020-ci ilin iyun ayında Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəmərin və Salyan şəhəri yaxınlığında həcmi 7500 kubmetr olan su anbarının tikintisinə başlanılıb. Magistral kəmərin tikintisi qısa müddətdə yekunlaşıb və 2020-ci ilin noyabr ayından etibarən Neftçala şəhərinə suyun verilməsi təmin edilib.

Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə çəkilmiş magistral xəttin istismara verilməsi rayon mərkəzi ilə yanaşı, kəndlərin içməli su təchizatı üçün də imkanlar yaradıb. Ötən dövrdə magistral kəmərin marşrutu boyu və Neftçala şəhərinin yaxınlığında yerləşən 11 kənddəki modul qurğulara suyun verilməsi təmin edilib.

Neftçala rayonunun 42 kənd və qəsəbəsində əhalinin içməli su ilə təminatı məqsədilə modul tipli sutəmziləyici qurğular quraşdırılıb. Kür çayında və suvarma kanallarında yaranan su problemi ilə əlaqədar modul qurğuların fəaliyyətində fasilələr yaranır və əhalinin içməli suya olan tələbatı maşınlarla daşıma yolu ilə ödənilir. Hazırda rayonun 20-dək kəndindəki modul tipli təmizləyici qurğulara sudaşıyan maşınlarla suyun daşınması həyata keçirilir. Bu məqsədlə 8 ədəd sudaşıyan maşınla mütəmadi olaraq modul qurğulara, kənd və qəsəbələrdə quraşdırılmış səyyar çənlərə suyun daşınması təmin edilir. Artan tələbatın ödənilməsi məqsədilə əlavə maşınların cəlb olunması üçün işlər görülür. Daşıma yolu ilə suyun çatdırılmasında operativliyi və səmərəliliyi artırmaq məqsədilə həmin kəndlərə mümkün qədər yaxın ərazidə 3 ədəd su dayağı quraşdırılıb.

Neftçala rayonunun digər kənd və qəsəbələrinin dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə növbəti mərhələdə Şirvan-Muğan qrup su kəmərindən rayon ərazisinə ikinci magistral su kəmərinin, eləcə də magistraldan kənd və qəsəbələrə daşıyıcı xətlərin inşası layihələndirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26