Interposta.Info

Rusiya BMT TŞ-dən çıxarıla bilərmi? (TƏHLİL)

Ölkə
 3-03-2022, 17:12     435

Rusiyanın Ukraynaya təcavüzü fonunda az qala bütün sahələrdə Moskvaya qarşı sanksiyalar tətbiq olunur. Hətta Rusiyanın BMT TŞ üzvlüyündən çıxarılması, veto hüququndan məhrum edilməsi kimi fikirlər də səslənməyə başlayıb. Ən azından BMT-dəki Ukrayna nümayəndələri belə bir qərarın verilməsində maraqlıdır.

Görəsən, Rusiyanın BMT üzvlüyündən çıxarılması, yaxud da onun veto hüququnun əlindən alınması mümkündürmü? Prosedur qaydaları buna imkan verirmi?

BMT-dən əvvəl, Birinci Dünya Müharibəsindən sonra yaranan Millətlər Liqasında üzvlərin qurumdan çıxarılması ilə bağlı praktika mövcud idi. Məhz belə bir prosedurun olmasının nəticəsidir ki, vaxtilə SSRİ Finlandiyaya hücum etdiyinə görə Millətlər Liqasından xaric edilmişdi.

Amma BMT nizamnaməsində təəssüf ki, belə bir məsələ nəzərə alınmayıb. Onun üçün nizamnamədə dəyişikliklər edilməlidir. Dəyişikliklər də əsasən TŞ-nin daimi üzvlərinin dəyişdirilməsilə bağlı prosedurdan ibarət olmalıdır. Onu da qeyd edək ki, artıq xeyli müddətdir BMT-də islahatların aparılması vacibliyi önə çəkilir. Bir sıra dövlətlər bunda maraqlıdır. Ancaq hələlik bu fikirlər söz olaraq qalmaqdadır.

İndiki halda Rusiya da daxil BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü veto hüququna malik dövlətlərdir. Belədə sözügedən məsələyə məsələyə TŞ baxılsa, aydındır ki, Moskva veto hüququndan yararlanaraq, prosesə son qoyacaq. Hətta TŞ-nin digər 4 daimi üzvünün də bu məsələdə maraqlı olduğu ağlabatan deyil. Çünki Rusiyaya münasibətdə atılan belə bir addım sabah ABŞ, Fransa, Böyük Britaniya başqa ölkələrə qarşı hansısa bir təcavüz aktına əl atsa, presedent olaraq onlara da şamil edilə bilər. Bu mənada qurumun 5 daimi üzvü arasında həmin məsələ ətrafında siyasi iradənin olacağını düşünmürəm.

Düzdür, nizamnamə dəyişikliyi proseduru qərarları tövsiyə xarakteri daşıyan BMT Baş Assambleyası verə bilər. İndiki halda Rusiyanı məhz Baş Assambleya ilə cəzalandırmaq üçün imkanlar da var. Belə ki, dünya dövlətlərinin mütləq əksəriyyəti Rusiya təcüvüzünə qarşı çıxır. Lakin məsələ ondadır ki, yuxarıda qeyd etdiyimiz kimi Baş Assambleyanın qərarları tövsiyə xarakteri daşıyır, məcburi deyil.

Belədə, gedişaat göstərir ki, yaxın perspektivdə BMT-nin mövcud nizamnaməsinin dəyişdirilməsi istiqamətində real addımlar atılmayacaq və Rusiya qurumda tutduğu mövqeyində qalacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26