Interposta.Info

Elton Məmmədov onu məhkəməyə verən şəxsin adını açıqladı (YENİLƏNİB)

Ölkə / Manşet
 27-01-2022, 12:26     304

Elton Məmmədov onu məhkəməyə verən şəxsin adını açıqlayıb.

Bu barədə Lent.az-a danışan sabiq deputat bildirib ki, xüsusi ittiham qaydasında məhkəməyə verilməsi ilə bağlı bildirişi ötən gün alıb:

"Məndə olan məlumata görə, məni məhkəməyə Akademiyanın hüquq şöbəsinin müdiri Kamal Əliyev verib. Bu adam şəxsi münasibətləri Akademiya səviyyəsinə gətirib çıxarıb. Kamal Əliyev Tərtər işlərinə görə məhkəmə sistemindən uzaqlaşdırılan bir adamdır. Ramiz Mehdiyev isə onu Akademiyanın hüquq şöbəsinə müdir təyin edib. Bütün bu intriqaları, söz-söhbətləri yaradan isə Ramiz Mehdiyevin kürəkəninin qardaşı, hazırda İşlər İdarəsinin müdiri vəzifəsini icra edən Fikrət Əliyevdir. Bunlar bir qrupdur”.

E.Məmmədov R.Mehdiyevlə münasibətlərinə də aydınlıq gətirib: "Ötən il aprelin 13-dən Akademiyadan məzuniyyətə çıxdıqdan sonra Ramiz Mehdiyevlə heç bir ünsiyyətim olmayıb. Eşitdiyimə görə tədbirlərdə məni tərifləyir, ünvanıma xoş sözlər deyir”.

09.43

Sabiq deputat Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət olunub.

Qaynarinfo APA-a istinadən xəbər verir ki, şikayətçi E. Məmmədovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib.

Şikayət Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın icraatına verilib. Məhkəmənin ilkin baxış iclası fevralın 2-ə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26