Interposta.Info

Generalın villası hansı iş adamının pulu ilə tikilib? (FAKTLAR)
 

Ölkə / Manşet
 4-11-2021, 14:25     740

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevin iş adamı, "Santemax" MMC-nin direktor müavini işləyən Əhməd Mirzəyevə qarşı daha bir cinayət törətməsi məlum olub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Əhməd Mirzəyev istintaqa verdiyi ifadəsində bildirib ki, həbsdən buraxıldıqdan sonra təxminən 2011-ci ilin avqust-sentyabr aylarında MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev ona zəng edib: "Mövlam Şıxəliyev dedi ki, öz villasında tikinti işləri aparır. Bununla əlaqədar tikinti materialları verməyimi tələb etdi. Məndə MTN-in "xofu” qaldığı üçün bu tapşırığa yox deyə bilmədim. Bundan sonra 2011-2014-cü illərdə müxtəlif tarixlərdə Mövlam Şıxəliyevin sürücüsü Əlizamin adlı şəxs gələrək ofisdən təxminən 26 min manatlıq keramika, kafel-metlax materialları pulsuz götürüb”.

İş üzrə şahid qismində ifadə verən "Santemax” MMC-də satış üzrə baş mencer işləyən Yasər Mamedov bildirib ki, Mövlam Şıxəliyevi şəxsən tanımır: "Onun sürücüsü kimi tanıdığım Əlizamin adlı şəxs MMC-nin Xətai prospekti 35 ünvanında yerləşən satış mağazasından dəfələrlə tikinti materialları götürüb. Materiallar pulsuz verilib”.

Şahid qeyd edib ki, 15 sentyabr 2011-ci ildə Əlizamin adlı şəxs mağazadan 2290,18 manat olan kafel-metlax və digər tikinti materialları götürüb. Bununla əlaqədar 10095 nömrəli qaimə tərtib edilib və qaimədə Əlizaminin adı və özünün bildirdiyi telefon nömrəsi qeyd edilib. Qaimə tərtib edilsə də, Əlizamin tərəfindən hər hansı ödəniş edilməyib, qaiməyə də imza atmayıb”.

Digər şahid, "Sabtemax” MMC-də satış meneri işləyən Fərid Aslanov bildirib ki, Mövlam Şıxəliyevi tanımır: "Lakin xatırladığıma görə, MTN-in hansı vəzifədə işlədiyini bilmədiyim Əlizamin adlı əməkdaşı MMC-nin Xətai prospekti 35 ünvanında yerləşən satış mağazasından dəfələrlə tikinti materialları götürüb. Göstərişə əsasən, Əlizamin adlı şəxsə həmin materiallar pulsuz verilib”.

Fərid Aslanovun sözlərinə görə, 8 oktyabr 2014-cü ildə Əlizamin adlı şəxs mağazadan ümumi dəyəri 6371,98 manat olan kafel-metlax və digər tikinti materialları götürüb: "Bir həftə qabaq Əlizamin mağazaya gələrək qaimədə qeyd edilən 16 adda kafel-metlaxları seçərək sifariş verib. Növbəti gün öz maşınım ilə Əlizaminin verdiyi nömrəyə zəng edərək Novxanı qəsəbəsində iki və ya üç mərtəbəli bağ evinə getdim. Həmin ünvanda təmir aparan usta məni qarşıladı, tikinti materiallarını götürdü”.

Bu iş üzrə Mövlam Şıxəliyevin həm sürücüsü, həm də yeznəsi olan Əlizamin Şirinov şahid qismində ifadə verib. O, ifadəsində Əhməd Mirzəyevi tanımadığını qeyd edib. Bildirib ki, nə özü, nə də Mövlam Şıxəliyev üçün Əhməd Mirzəyevdən tikinti materialları götürməyib.

Amma Əlizamin Şirinov sonrakı ifadələrində zərərçəkmiş Əhməd Mirzəyevin göstərdiyi xüsusatları dolayı yolla təsdiq edib.

Qeyd edək ki, Əhməd Mirzəyev MTN əməkdaşları tərəfindən həbs olunub. Mövlam Şıxəliyev və digər vəzifəli şəxslər tərəfindən şantaj olunub, 370 min manat müqabilində həbsdən azad olunub.

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, ibtidai istintaq idarəsinin rəis müavini – 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 32 iş adamı zərərçəkmiş qismində tanınıb.

Cinayət işi hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26