Interposta.Info

Komandirinin nəşini çıxararkən özü də şəhidlik zirvəsinə ucalıb - Qələbə günü şəhid olan Elgün Abbaslı - FOTO

Ölkə
 23-08-2021, 10:24     1 060

Vətən müharibəsində qəhrəmanlıq göstərən minlərlə igid vətən oğullarımız adını tarixə yazdırdı ki, onlardan biri də Abbaslı Elgün Ağayar oğludur.

Elgin Abbaslı 16 may 1991-ci ildə Laçın rayonunun Dəyhan kəndində dünyaya göz açmışdır. 1992-ci ildə Laçın işğal olunduğu üçün Qəhrəmanımızın ailəsi 1992-ci ildə məcburi köçkün kimi Sumqayıt şəhərinə gəlib. Sarıqaya qəsəbəsində məskunlaşıblar. Orta təhsilini aldıqdan sonra Elgin hərbi xidmətə yollanmışdır.

Uşaq yaşlarından hərbçiliyə marağı olduğundan hərbi xidmət müddəti bitdikdən sonra, 2014-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş, hərbi xidmətini davam etdirmişdir. Pirəkəşküldə yerləşən hərbi hissədə tibb bölüyündə xidmət etmişdir.

MAHHXHQ əsgər Elgin Abbaslı 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində iştirak etmiş, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Laçının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş, yaralıları döyüş meydanından çıxarmışdır. Noyabr aylarının əvvəllərindən başlayan Şuşa döyüşlərində də iştirak edən Elgin Abbaslı 10 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə onların maşını ermənilər tərəfindən atəşə tutulub, yaralanıb, amma buna baxmayaraq, geri çəkilməyib. Şəhid olmuş komandirinin nəşini ərazidən çıxararkən özü də şəhidlik zirvəsinə ucalıb. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ailəli olan Elgünün Nəzrin adlı bir qızı ondan yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Abbaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Abbaslı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruhu şad olsun!

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26