Interposta.Info

"Mövcud rəqəmlər deməyə əsas verir ki, ənənəvi təhsilə qayıdacağıq" - Təhsil eksperti

Ölkə
 20-08-2021, 09:44     170 793

"İstər Azərbaycanda, istərsə də dünyanın inkişaf etmiş ölkələrində tədris prosesinin ənənəvi qaydada bərpası üçün yeganə bir öhdəlik və məhdudiyyət var - vaksinasiya. Hesab edirəm ki, Azərbaycanda buna uyğun addımlar atılacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehovun "vaksin olunmaq həm də ənənəvi qaydada daha çox saatda dərs demək imkanıdır” fikirini şərh edərkən deyib. Ekspert öncə Azərbaycanda 2021-ci ilin sentyabrında dərslərin ənənəvi qaydada başlaması ehtimalının kifayət qədər yüksək olmasını diqqətə çatdırıb:



"Nəzərə alsaq ki, bu gün Azərbaycanda vaksinasiya pulsuz və könüllüdür, insanlar buna mütləq şəkildə qoşulmalıdırlar ki, ənənəvi tədris prosesində iştirak etsinlər. İnsanlar narahatdırlar ki, vaksin vurdursaq belə dərslər dayanacaq və onlayın sistemə keçiriləcək. Bu ehtimal həmişə var. Amma mövcud rəqəmlər onu deməyə əsas verir ki, biz ənənəvi təhsilə qayıdacağıq. Ənənəvi təhsildə iştirak eləmək üçün insanlar mütləq vaksinasiya olunmalıdır. Hətta Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci ilin mayın 10-dan etibarən 18 yaşdan yuxarı hər kəsin vaksinasiya olunması ilə bağlı qərar qəbul etdi. Bildirildi ki, 2021-ci sentyabrın 1-dən etibarən ölkədə ənənəvi tədrisdə iştirak etmək üçün vaksinasiya mütləqdir”.

Kamran Əsədov təəssüf hissi ilə bildirib ki, vaksin olunmayanlar üçün onlayın tədrisin təşkili hələ də nəzərdə tutulmayıb:

"Şagirdlərin valideynləri ilə bağlı belə bir məhdudiyyətin olduğunu eşidirik. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, potensial yoluxma riskini yaradan şəxslər məsuliyyətə cəlb oluna bilərlər. Burada yalandan kiminsə pasport alması məsələnin hüquqi baxımından məsuliyyətini ortaya çıxarda bilər. Hesab edirəm ki, cəza deyəndə həbs və digər cəzalar olmayacaq. Cərimə tətbiq edilə, yaxud da vaksin olunması ilə bağlı mütləq tələb ortaya qoyula bilər”.

Qeyd edək ki, əhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədə "Vaksin olunmaq həm də ənənəvi qaydada daha çox saatda dərs demək imkanıdır” deyə bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26