Interposta.Info

Prokurorluq və DİN polisin vəkili döyməsi haqda xəbəri araşdırır

Ölkə
 17-08-2021, 12:58     196

Şirvan şəhər prokurorluğu vəkil Coşqun İsgəndərovun zalda polislər tərəfindən döyülməsi ilə bağlı xəbərə reaksiya verib.

Şirvan şəhər prokurorluğundan Qaynarinfo-ya bildirilib ki, 13 avqust 2021-ci il tarixdə saat 15:00-15:30 radələrində Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında cinayət işinə apellyasiya qaydasında baxılan zaman bilavasitə məhkəmə iclası zalında və binanın inzibati zonasında asayişin kobud formada pozulması barədə Şirvan şəhər prokurorluğuna Şirvan Apellyasiya Məhkəməsindən material daxil olub.

Bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Şirvan şəhər prokurorluğunda araşdırma aparılır: "Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmaqla qanuni qərarın qəbul edilməsi təmin ediləcək".

Daxili İşlər Nazirliyi də Şirvan Apellyasiya Məhkəməsində vəkil Coşqun İsgəndərova polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi ilə bağlı xəbərə reaksiya verib.

DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, vəkil C.İsgəndərovun aidiyyəti olmayan məhkəmə prosesi keçirilən zala daxil olması və münaqişəli vəziyyət yaratması ilə bağlı halların bütün təfərrüatları rayon prokurorluğu tərəfindən araşdırılır.

Eləcə də tərəflər arasında yaranan münaqişədə polis əməkdaşlarının vəkilə qarşı hər hansı hüquqazidd hərəkətlərinin olub-olmaması ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti yoxlama başlayıb. Araşdırma və yoxlamaların nəticəsindən asılı olaraq, iddialara hüquqi qiymət veriləcəkdir.

Xatırladaq ki, Şirvan Apellyasiya Məhkəməsində keçirilən proses zamanı vəkil Coşqun İsgəndərova zalda olan Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiq göstərilməsi haqda məlumatlar yayılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26