Interposta.Info

Azərbaycanda “insaflı” oğru kameraya düşdü: Hər evdən bir ədəd... - VİDEO

Ölkə
 16-03-2021, 12:43     98

Şəmkirin Ağlavaşlı kənd sakinləri indi həmin oğrunu axtarır. O oğrunu ki, təxminən bir neçə aydır qoyun-quzu saxlayan zəhmətkeşlərin ruzisinə şərik olub.

Adıçəkilən kəndin sakinlərinin Publika.az-ın redaksiyasına ünvanladıqları məktubda qeyd olunur ki, kimliyi bilinməyən oğru təxminən bir neçə ay ərzində kənd sakinlərinə qənim kəsilib.

Sakinlərin “insaflı oğru” adlandırdıqları həmin naməlum şəxs gecənin bir vaxtı kənd sakinlərinin evinə qapıdan yox, “bacadan” daxil olaraq qoyun-quzuların tövləsinə girib, hər qapıdan bir qoyun oğurlayıb.

Kənd sakini, Birinci Qarabağ müharibəsi veteranı Yalçın Rzayevin sözlərinə görə, kimliyi bilinməyən oğru dolanışığını qoyun-quzu saxlamaqla keçirən təxminən 20-30 kənd sakininin heyvanını oğurlayıb:

“Özü də tövlələrə girərək, bir neçəsini yox, cəmi birini... Mənim də heyvanımı oğurlayıb. Polisə şikayət etmişik. Neçə vaxtdır araşdırır. Amma hələ ki, bir nəticə yoxdur. Onu da deyim ki, “insaflı” oğrudur, hər qapıdan bir-ikisini aparıb. İndi polis onun kimliyini araşdırır, fəqət hələ də nəticə yoxdur”.

Kənd sakinləri bildirirlər ki, sonuncu dəfə bir şəhid ailəsinin qapısından qoyun apararkən oğru yaxınlıqdakı kameraya düşüb:

“Yaxınlıqdakı mağazanın təhlükəsizlik kamerasına yaxalanıb. Amma üzündə maska var. Hətta bir dəfə gəlib kameraya da baxıb. Kamerada çiynində heyvan apardığı da məlumdur. Onu da “VAZ- 21 015” markalı maşın müşahidə edir. O da kameraya düşüb, amma nömrəsi görünmür”.

Kənd sakini Cavid Mustafayev isə deyir ki, sonuncu oğurluq onun həyətindən olub: “Martın ilk günlərində mənim də heyvanımı oğurlayıb. Polisə - kənd üzrə sahə müvəkkilinə ərizə ilə müraciət etmişik. Polis araşdırır”.

Yalçın Rzayev isə söyləyir ki, kameraya düşən şəxsi yerişindən, hərəkətindən tanımaq mümkün deyil: “Amma polis şübhəli şəxs qismində bir neçə nəfəri aparıb gətirir. Hələ ki, istintaq gedir. Biz istəyirik ki, oğrunun kimliyi bilinsin, bizə vurduğu ziyanı ödəsin. Görünən odur ki, qapıları tanıyır. Elə vaxt girib-çıxır ki, heç kimin xəbəri olmur. Bir də səhər ayılırsan ki, heyvanın biri yoxdur. Şəhid ailəsinin, müharibə veteranının da qapısından heyvan aparıb”.

Sakinlərin sözlərinə görə, məsələyə polisin qarışmasından sonra son iki həftədir ki, kənddə silsilə qoyun-quzu oğurluğu dayanıb. Onları narahat edən isə bu vaxta qədər hər qapıdan bir qoyun oğurlayan “insaflı oğru”nun tapılmamasıdır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, cəmi bir quzunun oğurlanması ilə bağlı məlumat daxil olub: “Daxil olan müraciət üzrə Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir”.

Ümid edirik ki, Ağlavaşlı kənd sakinlərinin aylardır davam edən narahatlıqlarına son qoyular. Ayrı-ayrı vaxtlarda hər qapıdan bir-iki heyvan aparan “insaflı oğru” tapılar və zərərçəkənlərə dəyən ziyan ödənilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26