Interposta.Info

Pənahəli xanın yadigarı Şahbulaq qalası (FOTOLAR)

Ölkə
 13-03-2021, 20:47     591

Media orqanları və QHT-lərin rəhbərləri, bloqerlər və ictimai fəallar işğaldan azad edilmiş Ağdam rayonuna səfər çərçivəsində Şahbulaq qalasına da baş çəkiblər.

"Qafqazinfo” xəbər verir ki, səfər iştirakçılarına qalanın tarixi barədə məlumat verilib.


Qeyd edək ki, Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən bu qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib.

Elmi ədəbiyyatda "Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin iç qalası olub. Saray kompleksi yerli inşaat materialları əhəngdən və dağ daşlarından inşa olunub.

Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Kompleksin ətrafı mühafizə divarları, nəzarətçi qüllələri ilə əhatələnib. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü isə 8,5 metrdir. Kompleksin yeganə girişi şərq tərəfdəndir.

Şahbulaq saray kompleksinin şimal-qərbində, bulağın yaxınlığında məscid də inşa edilib. Qəsr adını gur sulu bulağın adından alıb.

Pənahəli xan Şuşa qalasını inşa edənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə də onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına təsir göstərib.

Hazırda Şahbulaq qəsr kompleksindən bulaq yanındakı təpə üzərində ucalan qala və məscid binası qalıb. Ermənilər 1993-cü ildə Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi, Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.





İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26