Interposta.Info

Ölkədə koronavirusa yoluxmaları artıran səbəblər

Ölkə
 13-06-2020, 08:50     549

Ən təhlükəli vəziyyət bank, mağaza və dönərxanalardadır...
Azərbaycanda 14-15 iyun tarixlərində karantin rejimi 2 günlük olmaqla sərtləşdiriləcək. Nə qədər maarifləndirmə işləri aparılsa da, ölkədə karantin qaydalarına əməl edənlərin sayı çox azdır. Buna görə də yoluxmanın qarşısını almaq üçün həftəsonu karantin qaydalarının sərtləşdirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərarlar verilir.

Yeni qərara əsasən, 14-15 iyun tarixlərində xəstəxanalar və təcili tibbi yardım müəssisələri ilə yanaşı, habelə dərman vasitələrinin sifarişlə ünvanlara çatdırılmasını həyata keçirən apteklər də fəaliyyət göstərəcək.

Ölkədə hər gün yoluxma sayında 300-dən çox artım görürük. Eyni zamanda, ən pis halı odur ki, artıq koronavirusdan ölüm xəbərləri də alırıq.

“Yeni Müsavat”ın əməkdaşı olaraq Bakıda iri mağazalarda, küçələrdə müşahidə aparıb, ümumi mənzərə ilə tanış olduq.

Artıq əvvəlki kimi bankların qarşısında növbələr yoxdur. İnsanlar bankomatların da qarşısında düzülüb, növbə tutmurlar. Hava isti olduğu üçün bu kimi növbələrə maraq göstərən də yoxdur. Lakin bankomatların, bankların qarşısında kölgəlik yerlərdə topa halda Günəş şüalarından gizlənənləri görmək mümkündür.

Təbii ki, onların heç biri sosial məsafəni gözləmirlər...

Bu qədər hadisələrə, xəbərdarlıqlara və maarifləndirici məlumatlara rəğmən yenə də dönər satılan yerlərin qarşısında növbələr yaşanır. İnsanlar 1 manatlıq dönər satılan yerlərin qarşısından ayrıla bilmirlər. Bu cür dönərxanalarda çalışanların da heç biri maskadan istifadə etmir. Bəziləri isə maskanı çənələrinə taxırlar. Söhbət etdiyimiz dönərçilər bildirdilər ki, isti olduğu üçün maska taxa bilmirlər. Onlar hətta iddia da edirlər ki, dönərxananın içərisi isti olduğu üçün orada virusun yaşama ehtimalı yoxdur...

Bundan əlavə peraşki, qutab və digər bu kimi un məmulatlarının satıldığı yerlərdə də eyni mənzərəni gördük. Bu cür yerlərin də qarşısında xeyli insan görmək olar. Onlar piştaxtanın üzərinə aldıqları peraşkini qoyub, bir-biriləri ilə çox yaxın məsafə saxlamaqla qidalanırlar. Bu yerlərdə də çalışanların heç birinin ağzında maska görmədik.

Maraqlısı budur ki, Qida Təhlükəsizliyi Agentliyi bu kimi yerləri sanki unudub. Obyektlərin qarşısında koronavirusla bağlı hansısa elan, xəbərdarlıq lövhəsi görmədik...

Bəs marketlərdə durum necədir?

Hələ may ayının 29-da Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib ki, aparılan araşdırmalar nəticəsində əksər marketlərdə metodiki göstərişlərə əməl olunmadığı aşkarlanıb. O bildirib ki, marketlərdə nəzarət xüsusi şəkildə həyata keçiriləcək: “Qaydaları pozanlar ciddi şəkildə cəzalandırılacaq”.

Biz bir neçə marketdə olduq. Orada karantin qaydalarına əməl edən görmədik. Əvvəlcə onu qeyd edək ki, əgər aprel ayında mağazaların kassa bölməsi şəffaf qoruyucu ilə əhatələnmişdisə, hazırda bu cür qoruyucular yoxdur. Eyni zamanda kassada əyləşənlərin də bir qismi maskadan istifadə etmirlər. Yaxud da onlar da maskanı çənələrinə keçirirlər. Həmçinin əvvəllər mağazaya daxil olanların əllərinə spirt vurulurdusa, hazırda buna da məhəl qoyulmur.

Ən pis vəziyyət isə un məmulatlarının satıldığı yerdədir. Burada insanlar maskasız şəkildə məhsullara yaxınlaşır, istədiklərini seçdikdən sonra götürüb, kassaya gedirlər.

Bəzi mağazalarda çörək satılan yerlər lentə alınıb. Lakin lentdən içəridə satıcı yoxdur ki, müştərinin istədiyi məhsulu dərhal ona versin. Bu səbəbdən də müştərilər özləri lentin altında keçib, alacaqları məhsulu seçirlər.

Eyni zamanda mağazalarda meyvə-tərəvəzlər də açıq şəkildə satılır. Bu hissədə də nə nəzarət edən var, nə də müştərilər özləri sosial məsafə saxlayıb, qaydalara əməl etmirlər.

Ümumilikdə mağazalarda acınacaqlı vəziyyət davam edir. Getdiyimiz heç bir mağazada koronavirusla bağlı maarifləndirici plakatın görünən yerdə olduğunu müşahidə etmədik. Xüsusilə də məhəllə marketlərində vəziyyət daha da acınacaqlıdır.

Bir neçə kvadratmetr yeri olan məhəllə marketlərində istəsən belə sosial məsafə saxlamaq mümkün deyil.

Onu da bildirək ki, qarşıdan gələn karantin günləri ilə əlaqədar mağazada bəzi məhsullar vitrinlərə normadan artıq qoyulub. Məsələn, ötən həftə tapılmayan yumurta bu gün mağaza vitrinlərində istənilən qədərdir.

Qeyd edək ki, indiyə qədər Azərbaycanda 8882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4930 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib, 3844 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 362 min 654 test aparılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26