Interposta.Info

Qaz sayğacları ilə bağlı əhaliyə mühüm xəbər - VİDEO

Ölkə
 27-05-2020, 08:54     492

"Azəriqaz" İstehsalat Birliyi qaz sayğaclarının əvəzlənməsi ilə bağlı bir çox məqamlara aydınlıq gətirib.

Bildirilir ki, Azərbaycanda bu ildən etibarən bütün fərdi

yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir.

"Azəriqaz” İstehsalat Birliyi vəsaitlərinə qənaətlə yanaşmaq, gəlirlərini daha səmərəli istifadə etmək məqsədilə belə bir addım atıb. Məlumat üçün bildirək ki, bir smart-kart tipli sayğacın qiymətinə 3 mexaniki sayğac almaq mümkündür. Hazırda istifadə edilən Itron Gallus Pay.G4 NGPP (smart) sayğaclarının komplektinin (sayğac, qutu, əymə, kran və s.) qiyməti 220-240 manat, G-4T (mexaniki) sayğaclarının komplektinin (sayğac, qutu, əymə, kran və s.) qiyməti isə 70-90 manat arasında dəyişir.

Rəqəmlərdən də göründüyü kimi mexaniki sayğacların alınması dəyər baxımından daha sərfəlidir. Bundan başqa mexaniki sayğaclardan istifadə edən abonentlərin əvvəlki illərdən fərqli olaraq ödənişlərində hər hansı problem yaşanmır, bu da bu qurğuların tətbiqi işini optimallaşdırır.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov açıqlamasında deyib ki, bəzən abonentlər mexaniki sayğacların köhnə olduğunu irəli sürərək narahatlıqlarını ifadə edirlər: "Bu heç də belə deyil, bu tip sayğaclar bu gün də məşhur alman şirkəti tərəfindən istehsal olunur. Smart-kart tipli sayğaclardan fərqli olaraq mexaniki tipli sayğaclarda daim qaz axını mövcuddur, onlayn ödəniş imkanlarından istifadə etmək olar. Digər tərəfdən istifadə olunan qaza görə ödəniş barədə bildiriş aldıqdan sonra həmin vəsaiti 30 gün ərzində ödəməyə vaxt verilir. Yəni, 30 gün ərzində bu məbləğ abonent üçün borc hesab edilmir.

Başqa bir məqama aydınlıq gətirərək qeyd edək ki, dövri yoxlama müddəti bitmiş İTRON şirkətinin istehsalı olan Smart-kart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsi zamanı smart sayğacda qalmış avans ödənişlər (istifadə olunmamış qaz sərfinin dəyəri) azı 10, geci 30 gün ərzində abonentin mexaniki sayğaclar üzrə olan hesabına kubmetrdən dəyərə çevrilməklə bərpa olunur. Əgər abonent bu avans ödənişlərin bərpasını tezləşdirmək istəyərsə, onda "ASAN Kommunal” mərkəzlərinə müraciət edə bilər. Debitor borcu olan və hissə-hissə ödənilməsi məqsədilə həmin borc smart kartına keçirilmiş abonentlər üzrə dövri yoxlama müddəti çatmış smart-kart tipli qaz sayğacları isə Birliyin Metrologiya Departamentində sınaqdan uğurlu çıxan smart-kart tipli qaz sayğacı ilə əvəzlənir.

Sayğacların yoxlanılması "Qazdan istifadə qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.3 bəndinə əsasən icra edilir. Qaydalara görə yoxlama Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq həyata keçirilir. Həmin sənəddə qeyd edilir ki, əhali abonent qrupu üzrə qaz sayğacları 5 il, qeyri-əhali qrupu üzrə isə 3 ildən bir dövlət yoxlamasına təqdim olunmalıdır".

Qeyd edək ki, 2020-ci ilin 4 ayı ərzində 60 minə yaxın dövri yoxlama müddəti çatmış sayğac əvəzlənib. Bu isə bu il üçün ümumi nəzərdə tutulan hədəfin 13 %-ni təşkil edir.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26