Interposta.Info

10 min rüşvət almaqda suçlanan vəzifəli şəxs məhkəmə zalından azadlığa buraxıldı

Ölkə
 22-10-2019, 12:47     10 347

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beyləqan şöbəsinin vəzifəli şəxsləri Mehdi Abdullayev və Novruz Alkərəmov barəsində cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılan hər iki şəxs rüşvət almaqda ittiham ediliblər.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən hər iki şəxs şərti cəza alıb. Onlar məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə iclasında Mehdi Abdullayev baş məsləhətçi olduğunu deyib. Özünü qətiyyən təqsirli bilməyən Abdullayev ittihamın əsassız və heç bir sübuta söykənmədiyini deyib.

Abdullayev qeyd edib ki, iş ilə əlaqədar gün ərzində bir neçə vətəndaşla görüşür.

O, bu işdə adı keçən və rüşvət aldığı iddia edilən Teymur Aslanovu tanımadığını deyib:

"Mən onu görəndə də tanımadım. Bir dəfə istintaqda görmüşəm. Heç vaxt da ondan rüşvət almamışam, görüşməmişəm. Bunu sübut edən bir fakt da yoxdur. O da digər vətəndaşlar kimi nazirliyə müraciət edib, müraciəti də aidiyyəti üzrə baxılıb".

Suallara cavab verən Allahverdiyev qeyd edib ki, vətəndaşlar departamentə müxtəlif yollarla müraciət edə bilir: "Vətəndaş elektron formada, poçt vasitəsi ilə, nazirə müraciətlə və bizim yanımıza gələ bilərdi. Kim departamentə qəbula gəlsə, qeydiyyata düşməlidir. Əgər bu adam gəlibsə, qeydiyyatdan baxılsın".

Allahverdiyev deyib ki, Teymur Aslanov qərəzli şəkildə belə bir ifadə verib: "Yəqin ki, ona mənim şəklimi göstəriblər. Deyiblər ki, bu adamdan şikayət elə".

İttihama görə, cinayət işinin başlanmasına səbəb Beyləqan meşəbəyliyinin 2 saylı meşə dolayının torpaq sahəsinin ayrılması üçün pul alınması faktları olub.

Təqsirləndirilən şəxslərin zərərçəkmiş Teymur Aslanovadan 10 min manat rüşvət aldığı bildirilir.

M. Abdullayevə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) maddəsi ilə ittiham irəli sürülüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26