Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri Ali Baş Komandana müraciət etdilər
Laçın rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər.
"İnterPosta.info" müraciəti olduğu kimi təqdim edir:
“Möhtərəm cənab Prezident! Biz - Laçın rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan qurtarılması istiqamətində apardığınız siyasəti, ölkə iqtisadiyyatını inkişaf etdirmək, xalqın sosial rifahını yaxşılaşdırmaq üçün həyata keçirdiyiniz islahatları bəyənirik və dəstəkləyirik. Siz Azərbaycanın ərazi bütövlüyünün dinc vasitələrlə bərpa etmək üçün səy göstərməklə yanaşı, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin daim artırılmasını da diqqətdə saxlayırsınız. Sizin qətiyyətli mövqeyiniz və dövlətimizin gündən-günə inkişafı biz həqiqi döyüşçüləri əmin edir ki, Dağlıq Qarabağ və ətraf 7 rayon tezliklə işğaldan azad ediləcək. Bu gün Ulu Öndərimizin müəyyənləşdirdiyi və Sizin rəhbərliyinizlə davam etdirilən yol bizim yeganə yolumuzdur. Xalqımızın Sizə etimadı və güvəni sonsuzdur. Azərbaycanın inkişafını gözü götürməyənlərin, düşmən dəyirmanına su tökənlərin, Vətənini, millətini satan namərdlərin fitnə-fəsad törətmək cəhdləri hər zaman puça çıxıb və bundan sonra da belə olacaq. Bu gün müstəqil dövlətçiliyimizi təhdid etmək niyyətinə düşənlər Sizin başçılıq etdiyiniz hakimiyyətlə, iqtidarla xalqın arasındakı birliyi, ölkəmizdəki sabitliyi, əmin-amanlığı poza bilməz! Öz Vətəninə, dövlətinə, Prezidentinə daim sadiq olan milyonlarla vətəndaşımız Azərbaycanın bu gününü və gələcəyini, ölkəmizin təhlükəsizliyini və davamlı inkişafını hər cür qəsdlərdən qorumağa qadirdir. Bizim bir yolumuz var: O da Sizin tərəfinizdən uğurla davam etdirilən ulu öndər Heydər Əliyev yoludur”. Qeyd edək ki, müraciəti ümumilikdə 96 nəfər imzalayıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26