Interposta.Info

İki rayonda kütləvi zəhərlənmə: 90 adam zəhərlənib, cinayət işi başlanıb

Ölkə
 28-08-2019, 14:02     10 398

Çərşənbə axşamı günü İsmayıllı rayonunda toyda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Səhiyyə Nazirliyi BBC News Azərbaycancaya bildirib ki, zəhərlənmə ilə bağlı 33 nəfər xəstəxanaya müraciət edib.

Bazar günü Şəkinin Çeşməli kəndində şadlıq saraylarının birində keçirilən toyda da kütləvi zəhərlənmə baş verib.

Səhiyyə Nazirliyinin dediyinə görə, eyni toyda iştirak edən 57 nəfər toy mərasimindən sonra Şəki Mərkəzi Rayon Xəstəxanasına müraciət ediblər.

İsmayıllı

Səhiyyə Nazirliyinin məlumatında deyilir ki, çərşənbə günü səhər saatlarında xəstəxanada ikisi uşaq olmaqla cəmi 4 nəfər qalıb. Onların yaxın yamanda evə buraxılacağı gözlənilir.

İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edən vətəndaşlar həkimlərə bildiriblər ki, rayonun Qəzli kəndində keçirilən kiçik toy məclisində iştirak etdikdən sonra özlərini pis hiss ediblər.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət işçi qrupu hadisə yerinə ezam olunub.

Agentliyin məlumatında deyilir ki, hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

Bazar günü günü Şəkinin Çeşməli kəndində şadlıq saraylarının birində keçirilən toyda kütləvi zəhərlənmədən sonra xəstəxanaya müraciət edənləri müayinə edən həkimlər onlarda disbakterioz aşkarlayıb. Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.
Şəki şəhərində baş verən zəhərlənmə ilə bağlı “bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda” maddəsi ilə cinayət işi açılıb, Baş Prokurorluq və Qida Təhlükəsizliyi Agentliyinin birgə bəyanatında deyilir.

Məlumatda deyilir ki, toyda iştirak edən 400 qonaqdan 57-si qida zəhərlənməsi diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət edib və ilkin tibbi yardım göstərilməklə evə buraxılıb.

“İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, qonaqlar toy məclisində müxtəlif qida və içki məhsulları qəbul etdikdən sonra halları pisləşib”, – qurumlar bildirib.

Hazırda Qida Təhlükəsizliyi Agentliyi, Şəki rayon polis şöbəsi və prokurorluq məsələni araşdırır.

Şəkidə baş verən kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlanıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Axar.az-a verilən məlumata görə, avqustun 25-i Şəki şəhərində yerləşən “Firuzə” şadlıq sarayında keçirilmiş toy məclisində iştirak edən təxminən 400 nəfər qonaqdan 57 nəfərinin (24-ü qadın, 1-i yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib.

Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşlarının, eləcə də Qida Təhlükəsizlik Agentliyinin Şəki Regional bölməsinin əməkdaşlarının iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilib, toy məclisində verilmiş ayrı-ayrı qida məhsullarından nümunələr qablaşdırılaraq götürülüb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Fakta görə polis şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, qonaqlar toy məclisində müxtəlif qida və içki məhsulları qəbul etdikdən sonra halları pisləşib, dərhal rayon mərkəzi xəstəxanasına müraciət edib və ilkin tibbi yardım göstərilməklə evə buraxılıblar.

Hazırda iş üzrə Qida Təhlükəsizlik Agentliyinin mütəxəssisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26