Interposta.Info

“Qaranquşlar kimi Əbabilər də artıq insanlara yaxınlaşmağa başlayıblar” – Zooloq+FOTO

Ölkə
 10-04-2019, 21:40     11 211

Bu günlərdə Lənkəranda dünyanın nadir quş növündən olan və müqəddəs hesab edilən Əbabil quşları tapılıb. Azərtac-ın yaydığı məlumata görə Əbabil quşları Lənkəranda Rzayevlər ailəsinin evinə pənah gətirib. Hansı ki, bu quşlara nadir hallarda rast gəlinir.

Ev sahibi Elmira Rzayevanın sözlərinə görə Ədabil quşları əvvəllər bu evdə tək-tək gözə dəyib:

“Quşlar bir il bundan qabaq evimizdə görünmüşdü, onda adi quşa bənzətdik və çölə buraxdıq. İkinci və üçüncü dəfə də gəldi. Yenə çölə buraxdıq. Sonra araşdırdıq, məlum oldu ki, bu quş müqəddəs quşdur”.

Quşların uçmadığını görən ev sahibi onları qutuda saxlamaq qərarına gəlib. Lakin quşlar evə gəldikləri günün səhəri otaqlarda qanad açıb uçmağa başlayıblar: “Biz bu quşu vəhşi quş bilirdik. Onun üçün hər dəfə onları təbiətə buraxırdıq. Sonra bu quşlar barədə yaxınlarımıza xəbər verdik. Bu quşların evimizə gəlişində bir hikmət var dedilər“.

“Qaranquşlar kimi Əbabilər də artıq insanlara yaxınlaşmağa başlayıblar” – Zooloq+FOTO

Bəs Əbabil quşunun özəlliyi nədir, niyə bu quşlar müqəddəs hesab olunur?

Qeyd edək ki, bu quş sağangillər dəstəsinə mənsub olan 16-17 sm bədən uzunluğuna malik qaranquşa bənzər bir quş növüdür. Əbabili qaranquşdan ayıran ən əsas özəlliyi onun bədən quruluşunun daha böyük olması və yüksəklikdə uçmasıdır. Onlar yerə sadəcə qidalanmaq üçün qonur.

Əbabil quşunun adı Qurani-Kərimin 5 ayədən ibarət olan “Fil” surəsində (105-ci surə) söhbət açılır. Surədə deyilir:
“Yəmən hökmdarı Əbrəhə döyüş filləri ilə birlikdə Kəbəni dağıtmaq üçün Məkkə üzərinə hücum edəndə Allahın əmri ilə bir dəstə quş Qırmızı dəniz tərəfdən uçub gəldi. Onların hər biri dimdiyində və iki caynağında bişmiş gildən düzəlmiş xırda daş tutmuşdular. Quşların atdıqları daşlar döyüşçülərin bədənində yara əmələ gətirərək tezliklə onların ölümünə səbəb oldu”.
“Qaranquşlar kimi Əbabilər də artıq insanlara yaxınlaşmağa başlayıblar” – Zooloq+FOTO

Bəzən alimlər qeyd edir ki, surədəki “Əbabil” sözü quşların növü barədə deyil, ümumilikdə “dəstə”, “sürü” mənasında izah olunur.
Həddən ziyadə çevik və qorxaq olan Əbabillər isti iqlim tiplərinin mövcud olduğu yerlərdə yaşamağı sevən quşlardır. Ən çox Avropa, Asiya və Afrika qitələrində yayılıblar. Bu quşlar eyni zamanda mövsümi şəraitə görə köç edirlər. Miqrasiya zamanı çox sayda itkiyə məruz qaldıqları üçün bu quşların sayı kifayət qədər azalmış və hazırda Əbabil nadir quş növlərindən biri hesab olunur.

Maraqlıdır, çox həssas və qorxaq olan müqəddəs Əbabil quşu niyə son günlərdə insanlara yaxınlaşmağa çalışır?

Zoologiya İnstitutunun aparıcı elmi işçisi Tahir Kərimov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Uzun qanadlılar dəstəsinə mənsubdur, qaranquşlara yaxındır, lakin onlardan fərqlənir. Belə ki, Əbabil qaranquşlardan daha böyükdür. Bədəni bir qədər qara – qəhvəyi rəngdədir, ayaqları qısadır. Qaranquşlara nisbətən daha yüksəklikdə uçur. Əsasən dəstə halında yaşayır və ömürlərini daha çox səmada uçmaqla keçirirlər. Hətta suyu belə uça-uça içirlər. Ayaqları zəif qıça olduğu üçün yerə nadir hallarda enirlər. Əsasən Avrasiyada, Qafqazda, Türkiyədə, Suriyada, İranda, Azərbaycanın hər yerində yayılıblar. Nəsil vermə zamanı əsasən ağacdələnin yuvasında yuvalayır, ya da qaranquş kimi uça-uça özləri yuva qururlar. İsti iqlimə uyğunlaşıblar, ona görə də avqust ayında nəsil verdikdən sonra Afrikaya uçub, orada qışlayırlar. Növbəti ilin aprel və may ayında Azərbaycana geri dönürlər.

Əsasən Lənkəran zonasında geniş yayılıblar, çünki onlar üçün burada əlverişli şərait var. Ovları əsasən cücü və böcəklər təşkil edir. Ovlarını da səmadaca tuturlar. Folkorumuzda Əbabil quşunun adı çox çəkilir. Hətta qadınlara da bu quşun adı qoyulub. İslam dinində də bu quş haqqında geniş məlumat verilib.

Qeyd edim ki, bu quşlar insanlar tərəfindən neqativ, narazı salan davranışlar görmədikdə insan məskənlərinə də yaxınlaşır, yuva qururlar. Yuvalamaq üçün rahat, təhlükəsiz məkan, yem varsa, istənilən heyvan, quş orada özünə məskən salır. Bildiyiniz kimi qaranquşlar da təhlükəsizlik gördükdə evlərdə yuva salırlar. Əbabilər də artıq onlar kimi evlərə daxil olmağa başlayıblar”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26