Politoloq evinin altındakı 12 əxlaqsızlıq yuvasının qapadılmasını tələb etdi
“Həmin obyektlərdə əsas işi görənlərdən biri çeçen qadındır”; polis məsələni nəzarətə götürdü
Sabiq dövlət müşaviri, tanınmış politoloq Qabil Hüseynli yaşadığı S.Rəhimov küçəsi 189 saylı binanın zirzəmisində əxlaqsızlıq yuvalarının fəaliyyət göstərdiyini açıqlayıb. O, facebook statusunda ərazidə bir müddət öncə “oblava” olduğunu, həmin əxlaqsızlıq yuvalarının qapadıldığını, lakin yenidən faəliyyətə başladıqlarını yazıb.
İnterPosta.info-nun məlumatına görə, politoloq “Yeni Müsavat”a açıqlamasında deyib ki, cəmiyyəti narahat edən bəzi əxlaqsız videoların yayılması cəmiyyət olaraq əxlaqsızlıq yuvalarına, pritonlara qarşı geniş mübarizə aparılmaması ilə əlaqəlidir: “Ona görə də son bir neçə ildə bu ”biznes" sürətlə inkişaf edir. Yaşadığım Süleyman Rəhimov küçəsi bina 189-da da belə obyektlər var. Belə obyektlər gənclərə, uşaqlara neqativ təsir edir. Biz burada yaşamırıq, zülm çəkirik".
Politoloq yaşadığı binanın altında ən azı 12 əxlaqsızlıq yuvası fəaliyyət göstərdiyini qeyd edib: “Mənzil istismar sahəsinin sənədlərində S.Rəhimov küçəsi bina 189 kimi qeyd edilsə də, bu obyektlər R.Behbudov 98 və R.Behbudov 100 ünvanlarında yerləşir. Bu ərazilərdəki binaların zirzəmiləri bu cür yerlərlə doludur. Əvvəllər bu yerlər ”masaj salonu" adı ilə fəaliyyət göstərsə də, artıq daha açıq şəkildə priton kimi çalışdığını gizlətmirlər".
Qabil Hüseynli deyib ki, həmin obyektlərdə əsas işi görənlərdən biri çeçen qadındır: “Onu bu obyektlərin ”mama Roza"sı kimi tanıyırlar. Belə ki, bu yerlərin yaxşı qazandığını görən ətraf obyektlər də artıq bu cür fəaliyyət yolunu seçirlər. Həmin yerin yanında yerləşən bir kafe var idi. Kafenin də artıq əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyi deyilir. Bir sözlə, ətraf obyektlərin hamısının suyu bir-birinin üzərinə sıçrayıb. Maraqlısı budur ki, buradakı MİS də həmin əxlaqsızlıq yuvalarının birinin yaxınlığında yerləşir, ancaq onların fəaliyyətini məhdudlaşdırmaq üçün heç bir addım atmır".
Q.Hüseynli bildirib ki, belə obyektləri işlədənlərin digər ərazilərdə də eyni fəaliyyətlə məşğul olan obyektləri var: ““Təzə bazar” tərəflərdə də 20-yə qədər belə obyekt var. Təxminən 1 ay bundan öncə həmin obyektlərdə yoxlama oldu və qapadıldı. İndi yenə köhnə qaydada çalışırlar. Biz bina sakinləri olaraq bu barədə rəsmi qurumlara da müraciət etdik. Ümid edirəm ki, qısa müddətdə tədbirlər görülər".
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildiriblər ki, məsələ ilə bağlı araşdırma aparılacaq.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26