Interposta.Info

Astaradakı bu kənddə 24 ildir işıq yoxdur (VİDEO)

Ölkə
 4-03-2019, 22:19     10 706

Astaranın Sekeşan kəndində 24 ildir ki, elektrik enerjisi yoxdur.

"Övladımın 24 yaşı var, bu müddət ərzində evdə işıq görməyib” deyir kənd sakini.

Mirəhməd Əliyev bu kənddə yaşayan ailələrdən birinin üzvüdür. O, gündəlik informasiyanı radioya qulaq asmaqla əldə edir.

Kənd sakinləri deyir ki, illərdir işıq üzünə həsrət qalıblar. Kənddə sonuncu dəfə işıq 1995-ci ildə olub. O vaxt transformatorda yaranan qəza səbəbindən gecələri ümidlərini lampa işığına bağlayıblar.

Bir zamanlar kənddə 30-dan artıq ailə yaşayıb. Lakin zaman-zaman onlar da şəraitsizlik səbəbindən kəndi tərk edərək qonşu kəndlərə və ya başqa yerlərə köçmək məcburiyyətində qalıblar. Hazırda isə Sekeşan kəndində dörd ailə, yəni 17 nəfər yaşayır. Onlar elektrik enerjisini generator vasitəsi ilə təmin edirlər.

Yanacaq kimi benzin, generator işlətmədikləri zaman neft və şamdan istifadə edirlər. İsinmək üçün odun yandırırlar. Gündəlik yeməklərini isə təndirdə və ya sobanın üzərində bişirirlər. Bu şəraitsizlikdən daha çox məktəblilər əziyyət çəkir.

Kəndin dolanışığı isə təsərrüfat hesabına ödənilir. Sakinlər mal-qara və sitrus meyvələrini satmaqla yaşayışlarını təmin edirlər.

Kənd sakinlərinin digər bir problemi kəndə avtomobil yolunun olmamasıdır. Onlar ərzaq gətirmək üçün qonşu kəndə getməli olurlar. Bu zaman isə minik vasitəsi kimi atdan istifadə edirlər.

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Sekeşan kəndinin 24 ildir işıqsız qalması barədə xəbərə münasibət bildirib. O, qeyd edib ki, kənddə fasiləsiz elektrik enerjisinin bərpası təmin ediləcək: "Əməkdaşlarımız yaxın günlərdə mövcud problemlərin tam aradan qaldırılıması üçün əllərindən gələni edəcəklər".

Tanrıverdi Mustafayev qeyd edib ki, Cənub regionunda - Lerik, Yardımlı Astara rayonlarında yenidənqurma işləri aparılır: "Sözügedə rayonlar Lənkəran şəhər 9 saylı elektrik verilişi xətləri ilə bağlı olduqları üçün elektrik enerjisi təhlükəsizlik məqsədilə uzun fasilələrlə verilirdi. Vətəndaşlar da buna etiraz edirlər. Cənub regionunda məktəblərin yerləşdiyi ərazilər, kəndlər, bütün yaşayış məntəqələrində istismar müddətini başa vurmuş yarımstansiyalardan tutmuş elektrik hava xətlərinə qədər bütün istiqamətlərdə şəbəkələr hissə-hissə yenidən qurulur. Qeyd etdiyimiz tədbirlər nəticəsində Astaranın Sekeşan kəndində də fasiləsiz elektrik enerjisinin bərpası təmin ediləcək. Əməkdaşlarımız yaxın günlərdə mövcud problemlərin tam aradan qaldırılması üçün əllərindən gələni edəcəklər”.

T.Mustafayev kənddə elektrik enerjisinin bir neçə aydır olmadığını vurğulayıb: "Burada elektrik enerjisi 2018-ci ilin payızından yoxdur. Yaxın aylarda enerji verilişi bərpa ediləcək”./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26