Interposta.Info

Bu gün Gənclər günüdür - prezident sərəncam imzaladı

Ölkə
 2-02-2019, 09:33     10 363

Elşən Musayev: “Yüksək vəzifələrdə təmsil olunmaq üçün insanlar çox püxtələşməlidir...”
Fevralın 2-ci Azərbaycanda Gənclər Günüdür. Bu günün Gənclər günü elan olunması 1997-ci ildə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Dünyada isə yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si Gənclər Günü elan edilib.

Builki Gənclər Günü ilə bağlı prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən bir neçə gənc təltif edilib. İnterPosta.info AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə - Cabbarov Azad Vaqif oğlu;

“Tərəqqi” medalı ilə - Əsgərli Asif Məmməd oğlu, Qədirov Vüqar Kərim oğlu, Orucov İlqar Nəcibəddin oğlu;

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə - İskəndərov Vüqar Yapon oğlu, Quliyev Rüfət Mətləb oğlu, Nəcəfli Kamal Məmməd oğlu.

Dövlət başçısının digər sərəncamı ilə mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən bir qrup şəxsə 2019-cu il gənclər üçün prezident mükafatları verilib.

Azərbaycanda son zamanlar isə gəncliyə ayrılan diqqət daha da artıb. Təkcə o faktı deyək ki, ötən il bir neçə gənc nazir postuna və ya nazir müavinliyinə qədər irəli çəkilib.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev “Yeni Müsavat”a açıqlamasında Azərbaycanda gənclərə verilən yüksək dəyərdən söz açdı: “2 Fevral tarixinin mahiyyəti özünü ilk öncə onda ehtiva edir ki, gənclərin də öz günü var. Bu son dərəcə əlamətdar haldır və nəzərinizə çatdırım ki, hətta inkişaf etmiş Avropa, Qərb ölkələrinin bir çoxunun təqvimində belə gənclərlə bağlı xüsusi günə rast gəlinmir. Yəni azərbaycanlı gənclərin bu baxımdan bəxti gətirib. İkinci demək istədiyim isə odur ki, tarix boyu öndə olan, ictimai- siyasi proseslərin ən qaynar nöqtələrində, ən kuliminasion xətlərdə, mövqelərdə qərarlaşan gəncliyimiz həm də həmin xüsusi günü haqq edir. Bu da ayrı bir həqiqətdir. Müasir həyatda, idarəetmədə gənclik ən yüksək etimad göstərilən təbəqələrdən biridir. Xatırlatmaq istəyirəm: zaman vardı, bəzi insanlar gəncliyə qarşı münasibətdə çaşqın, qərarsız idilər. Bu səbəbdən gənclərə yönəlik fikirlər də birmənalı deyildi.

Təbliğ etdikləri əsas ana ideya xətti də bu idi ki, yüksək vəzifələrdə təmsil olunmaq üçün insanlar çox püxtələşməli, formalaşmalı, ən azından 40 yaşına çatmalıdır və s. Amma ulu öndər Heydər Əliyev bu stereotipi qırdı və haqqında danışdığım fəlsəfə yiyələrinə öz qərar və sərəncamları ilə mesaj verdi ki, yanlış düşünürsünüz, gəncliyə güvənmək lazımdır, insan yaşı ilə deyil, ağlı ilə böyüyür, formalaşır. Elə bu minvalla da 24 yaşlı nazir müavinləri, 35 yaşlı nazirlər təyin olundu. Düzdür, kim etimadı nə qədər doğrultdu, verilən tapşırıqları necə icra etdi - orasını deyə bilmərəm, amma fakt budur ki, Heydər Əliyev son dərəcə gözəl bir təşəbbüsün, ənənənin təməlini qoydu. İndi də bu yol prioritetdir - təbii ki, cənab prezidentin yürütdüyü siyasətin timsalında. Elə təkcə Nazirlər Kabinetinin son tərkibinə baxsaq görərik ki, Azərbaycan gəncliyinin ziyalı, oxumuş, təhsilli kəsiminə etimad hansı səviyyədədir və deyim ki, etimad göstərilən həmin şəxslər üzərilərinə düşən vəzifələri də ən yüksək səviyyədə yerinə yetirirlər, bir çoxlarına da örnək olacaq fəaliyyətləri var. Mənim gənclik adına üzüldüyüm tək kəsim radikal müxalifətin girdabına düşüb o girdabdan hələ də çıxa bilməyənlərdir. Ürək ağrısı ilə üzülürəm ki, Əli Kərimli tipində qaragüruh "liderlər" günahsız insanları kitabsız, təhsilsiz qoyub onları saxta ümidlərlə, ideyalarla öz oyunlarına alət edirlər, cinayətlərə sövq etdirirlər, axırda da yalnız qoyurlar. Həmin gənclərə üzümü tutub deyirəm: lütfən realist olun, nağıllar aləmindən uzaqlaşın, düz yolu seçin, Əli Kərimli kimi qolçomaq təfəkkür sahiblərinin deyil, millətin, dövlətin, əsl perspektivin, real inkişafın yanında olun".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26