Interposta.Info

Aslan İsmayılovla bağlı hökm - İş adamı onu tutdurmaq istəyir

Ölkə
 27-09-2018, 22:37     10 316

Sentyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində iş adamı, "Xəmsə” MMC-nin sahibi Mürvət Həsənli ilə tanınmış vəkil Aslan İsmayılov arasında məhkəmə prosesi baş tutub.

BakuPost xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Səbayel Rayon Məhkəməsinin bu il iyulun 31-də vəkil barəsində çıxardığı qərar qüvvədə saxlanılıb.

M.Həsənlinin vəkili Sahil Quliyev Aslan İsmayılovun üç il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Aslan İsmayılov isə bəraət üçün müraciət edib. Lakin hakim Səbayel Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Məlumat üçün bildirək ki, tərəflər arasında gərginliyin kökündə Türkiyənin "Emre Piliç” şirkətinin M.Həsənli ilə borc çəkişməsi durur. A.İsmayılov bu işdə "Emre Piliç” şirkətinə vəkillik edir.

Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycana damazlıq yumurta ixrac edən bu şirkətin səhmdarları arasında 2 erməninin olduğu üzə çıxıb. Belə ki, ermənilər Bozaçıyan və Oksayan bu şirkətdə 30 faizlik paya sahiblik edirlər.

M.Həsənli bu fakt üzə çıxandan sonra şirkətlə işgüzar münasibətlərini kəsdiyini bildirir. A.İsmayılov isə əksinə, "Emre Piliç”in yarıerməni şirkəti olmasına əhəmiyyət vermədən onun müdafiəsinə qoşulub. Tərəflər arasında gərginlik də bu proseslər zamanı yaranıb. İş o yerə çatıb ki, iş adamı vəkili məhkəməyə verərək, Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılmasını tələb edib.

Səbayel Məhkəməsi tərəfindən A.İsmayılovun qazancından 15% dövlət nəfinə tutulmaqla, 1 il 6 ay müddətinə islah işlərinə məhkum edilməsi barədə qərar çıxarılıb. Həmçinin o, 1500 manat cərimə olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26