Interposta.Info

İlqar Məmmədov Baş prokurora müraciət etdi

Ölkə
 9-09-2018, 21:54     10 354

"Mənə qarşı cinayət törədilib..."

REAl Partiyasının sədri İlqar Məmmədov baş prokuror Zakir Qaralova müraciət edib. Ötən ay həbsdən azadlığa buraxılmış siyasətçi müraciətində həbs edilməsi ilə ona münasibətdə cinayətə yol verildiyini vurğulayır və bu əməldə iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunmasını istəyir.

“Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 2014-cü il oktyabrın 13-də qüvvəyə minmiş qərarı ilə müəyyən edilib ki, mənə qarşı 2013-cü il fevralın 4-dən tətbiq edilən və sonralar müddəti uzadılan həbs qətimkan tədbirinin əsl məqsədi “məni susdurmaq ya da cəzalandırmaq” olub. AİHM-in qənaətincə, mənim azadlığım cinayət törətməkdə əsaslı şəkildə şübhəli bilindiyimə görə deyil, fərqli məqsədlərlə məhdudlaşdırılmışdır”, REAL Partiyası lideri baş prokurora yazır.

İ.Məmmədov müraciətində daha sonra cinayət və prosessual qanunvericilikdən sitat gətirir:

“Cinayət Məcəlləsinin 295-ci maddəsi hakimlərin bilə-bilə hökm, qətnamə, qərardad, qərar çıxarmasını cinayət əməli kimi tanıyır və buna görə cəza nərəzrdə tutur. Cinayət Prosessual Məcəlləsinin (CPM) 204.1-ci maddəsinə əsasən, törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxslərin məlumatları yazılı, şifahi şəkildə ola bilər. CPM-in 207-213-cü maddələri isə belə məlumat əsasında cinayət işinin başlanması qaydalarını təyin edir”.

I.Məmmədov qeyd etdiyi müddəlara istinadla cinayətə məruz qaldığını vurğulayıb və bu əməldə günahı olanların məsuliyyətə cəlb olunmasını istəyib.

“Fiziki şəxs olaraq, yuxarıdakıları rəhbər tutaraq, törədilmiş bu cinayət haqqında sizi məlumatlandırıram: mənə qarşı cinayət əməli törədilib və bu cinayət nəticəsində özümü zərəçəkmiş hesab edirəm. Bu cinayət əməlində iştirak etmiş şçəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün müvafiq addımlar atmagınız Azərbaycan qanunvericiliyi ilə tələb olunur”, İ.Məmmədov müraciətinin sonunda yazıb.

REAL Partiyası liderinin müraciətinə, hələlik, Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

İ.Məmmədov Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə bu il avqustun 13-də 2 il sınaq müddəti ilə şərti azadlığa buraxılıb.

REAL Partiyası sədri bu günlərdə keçirdiyi mətbuat konfransında onun həbs işində adı keçən hakimlərin məsuliyyətə cəlb edilməli olduğunu vurğulamışdı.

Ancaq buna onun işini aparan hakimlərdən və ya Məhkəmə Hüquq Şurasından hər hansı münasibət bildirilməmişdi. (Azadlıq radiosu)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26