Interposta.Info

Azərbaycanda 15 adda qida, 50 adda dərmanın satışı qadağan olundu

Ölkə
 5-09-2018, 08:50     10 475

Qida Təhlükəsizliyi Agentliyi 50 adda qida əlavəsi, 15 adda isə kosmetik məhsulun ölkəyə gətirilməsinə qadağa qoyub. Səbəb isə həmin dərman və məhsulların tərkibinin göstərildiyi kimi olmaması və insan sağlamlığına təhlükə mənbəyi hesab olunmasıdır.

Xezerxeber.az-ın məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyi Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında belə qərar verib.

Bioloji fəallığa malik qida əlavəsi adı altında ölkəyə idxal olunan 50 adda məhsulun, əslində bioloji fəallığa malik qida əlavəsi olmadığı aşkar olunub. Qərara əsasən həmin məhsullar ölkə ərazisində bioloji fəallığa malik qida əlavəsi kimi satıla və ya istifadə oluna bilməz.

Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarlara insan sağlamlığına mənfi təsir edə biləcək həmin məhsulların idxalına, ixracına, istehsalına və satışına yol verməmələri üçün xəbərdarlıq edib. Bu cür fəaliyyətlə məşğul olan sahibkarlar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər həyata keçiriləcək.

Bundan başqa, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında keyfiyyət və təhlükəsizlik göstəriciləri standartlara cavab verməyən 15 adda məhsulun ölkə ərazisinə idxalı, istifadəsi, satışı və dövriyyəsinin qadağan olunması haqqında qərar qəbul edib. Bu daha çox kosmetik məhsulları əhatə edir.

Qeyd edək ki, qadağan edilən məhsullar Türkiyə, Rusiya, Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, Hindistan və Çin istehsalıdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26