Interposta.Info

Kütləvi zəhərlənmənin baş verdiyi restoran bağlandı - VİDEO

Ölkə
 13-08-2018, 21:45     10 349

“Tonqal” restoranında 13 nəfər zəhərlənib

Bakıda kütləvi zəhərlənmənin baş verdiyi "Tonqal" restoranı fəaliyyətini dayandırdı.
Bu barədə REAL-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.



Bakıda restoranda kütləvi zəhərlənmə baş verib. Bu barədə REAL-a Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev məlumat verib.

Onun sözlərinə görə, avqustun 11-də Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev prospekti 82 ünvanında yerləşən “Tonqal” restoranında baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı daxil olmuş məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyində dərhal operativ işçi qrupu yaradılıb, hadisənin baş verdiyi restoranda, zəhərlənən şəxslərin yerləşdirildiyi Klinik Tibbi Mərkəzdə və 2 saylı Uşaq Kliniki Xəstəxanasında qida təhlükəsizliyi araşdırmalarına başlanılıb.

İlkin məlumatlara əsasən, axşam saat 20:00 radələrində “Tonqal” restoranında iki ayrı masada qidalanan müxtəlif ailə üzvlərində bir neçə saatdan sonra zəhərlənmə əlamətləri baş vermişdir. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla 13 nəfər zəhərlənib.

Mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülüb və aidiyyatı üzrə laboratoriyaya göndərilib. İlkin araşdırmalara görə zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməmiş ət və ət məhsullarından hazırlanan qidalar olub.

Bundan əlavə hadisənin baş verdiyi “Tonqal” restoranında müvafiq epidemoloji araşdırmalar aparılıb, bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən olunmuş və faktla bağlı protokol tərtib edilib.

Araşdırmalar davam etdirilir, araşdırmanın nəticəsi ilə bağlı geniş məlumat ictimaiyyətin diqqətinə çatdırılacaq.

Qeyd edək ki, zəhərlənən 13 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılmış, 2 nəfər azyaşlının müalicəsi isə 2 saylı Uşaq Kliniki Xəstəxanasında davam etdirilir. Hazırda onların vəziyyəti qənaətbəxşdir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26