Interposta.Info

Oğlunun bahalı itləri naziri işə saldı - SAMİR ŞƏRİFOV YENİDƏN HƏDƏFDƏ

Ölkə
 22-06-2018, 21:48     10 798

Maliyyə naziri Samir Şərifovun adı uzun müddət sonra yenidən medianın diqqət mərkəzindədir.

"XeberBiz" BakuPost.az-a istinadən xəbər verir ki, nazir həmişəkindən fərqli olaraq, bu dəfə öz əməllərinə görə yox, övladının işlərinə görə gündəmə gəlib. Belə ki, S.Şərifovun diqqət mərkəzinə gəlməsinin səbəbi oğlunun bahalı itləridir.

Türkiyə mətbuatı yazır ki, Azərbaycan maliyyə nazirinin oğlu qardaş ölkədə məşhur olan çoban itləri alıb saxlayır. Nazir Şərifovun övladının "Anadolu aslanı” kimi tanınan Kanqal (poyraz) it cinsini alıb saxladığını elə it fermasının sahibi Birol Başyiğit özü təsdiqləyib.

İri cüssələri və insana yaxınlığı ilə diqqət çəkən bu itlər Türkiyənin Edremit qəsəbəsində 10 hektarlıq ərazidə bəslənir. Xəbərdə nazir oğlunun bu bahalı it cinslərinə neçə min manat ödədiyi və itlərin saxlanmasının aylıq xərcləri barədə məlumat yoxdur, lakin təxmin etmək olar ki, dünyada az sayda olan bu cins itlərin qiyməti və saxlanma xərcləri heç də kiçik məbləğlərlə ölçülmür.

Azərbaycan maliyyə nazirinin adının uzun müddət sonra belə yüngül xəbərlə gündəmə gəlməsi isə Şərifovu yenidən çətin vəziyyətə salıb. Artıq nazirə yaxın şəxslər bu barədə yazan media qurumlarına çıxış axtarmağa və Şərifovu çətin vəziyyətə salan yazıların dayandırılmasına çalışır.

Qeyd edək ki, S.Şərifovun adı Azərbaycanda devalvasiyaya səbəb olan şəxs kimi çəkilirdi. Bu barədə Azərbaycan Beynəlxalq Bankın keçmiş rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyev məhkəmədə dəfələrlə açıqlama vermiş və cənab naziri devalvasiyanın bir nömrəli səbəbkarı adlandırmışdı. Bütün bunların ardınca – devalvasiyadan sonra yaranan maliyyə böhranı zamanı Azərbaycan valyuta bazarında yaranan hərcmərcliyin də arxasında məhz maliyyə naziri və ona yaxın şəxslərin adı çəkilirdi.

İddia olunurdu ki, ölkədə xarici valyuta böhranı yaşanan zaman "qara bazar”a milyonlarla dollar çıxaran və bu vasitə ilə milyonlarla manat qazanan şəbəkəyə məhz Samir Şərifov dəstək verir və ya dolayısı ilə göz yumur.

Maliyyə nazirinin hətta bir neçə ölkənin agenti olduğu barədə iddialar da Azərbaycan və dünya mətbuatında yer almışdı. Rusiyalı keçmiş kəşfiyyatçı iddia etmişdi ki, Samir Şərifov Rusiya, Amerika və Türkiyənin agentidir və üçlü agent rolunu ifa edir. Lakin bu məlumatlar sonradan müxtəlif formada təkzib edilmiş və nazirə böhtan atıldığı bildirilmişdi.

Əldə etdiyimiz məlumatlara görə, prezident seçkilərindən sonra ölkə rəhbərliyi tərəfindən aparılan struktur və kadr islahatları çərçivəsində postunu itirəcək ən iri ranqlı məmurların siyahısında Samir Şərifovun da adı var. Bildirilir ki, 2018-ci ilin sonuna qədər Şərifov maliyyə naziri postundan uzaqlaşdırılacaq. İddiaya görə, son dönəmlərdə nazirin adının müxtəlif qalmaqallarda və maliyyə maxinasiyalarında hallanması ölkə rəhbərliyinin səbr kasasını doldurub və Şərifova verilən "kreditlər” tükənib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26