Interposta.Info

Azərbaycanlı uşaqlar

Ölkə
 1-06-2018, 09:59     10 336

"Save the Children" uşaqların hüquqlarını müdafiə edən beynəlxalq təşkilatın hesabatında qeyd olunduğuna görə, dünyada 1,2 milyard uşaq yoxsulluq, münaqişələr və diskriminasiya təhlükələri ilə üz-üzə qalıblar.

Azərbaycan uşaqların vəziyyətinə dair ölkələr üzrə Save the Children təşkilatının 2018-ci il reytinqində 175 ölkə arasında 841 xalla 89-cu yerdədir.

Uşaqların vəziyyəti ilə bağlı dünya üzrə durum keçən ilə nisbətən yaxşılaşsa da, irəliləyişin sürətinin istənilən səviyyədə olmadığı vurğulanıb.

Təşkilatın hesabatı 1 iyun Beynəlxalq Uşaqlar Günü münasibətilə dərc olunub.

Hesabatda qeyd edilib ki, təxminən 1 milyardadək uşaq yoxsul ölkələrdə yaşamaqdadır, 240 milyonadək uşaq isə münaqişələr baş verən ölkələrdə yaşayır.

Eləcə də qeyd olunub ki, 575 milyonadək qız uşağı qadınların diskriminasiyaya məruz qaldığı ölkələrin payına düşür.

Azərbaycan uşaqların vəziyyətinə dair ölkələr üzrə Save the Children təşkilatının 2018-ci il reytinqində 175 ölkə arasında 841 xalla 89-cu yerdədir.

Azərbaycanın qonşularının tutduqları yerlər və yığdıqları xallar belədir: Ermənistan - 57-ci yer/913 xal; Gürcüstan - 72/887; Rusiya - 37/944; Türkiyə - 64/904; İran - 86/860.

5 yaşınadək uşaqlar arasında ölüm halları statistikası bölümündə göstərildiyi kimi Azərbaycanda hər 1000 uşağa ölüm hallarının göstəricisi 30,9 təşkil edir. Müqayisə üçün, Ermənistanda həmin göstərici 13,4; Gürcüstanda isə 10,7 təşkil edib.

2012-2017 illərdə 5 yaşınadək uşaqlarda böyümənin ləngiməsi halları Azərbaycanda - 18 faiz, Ermənistanda - 9,4 faiz, Gürcüstanda isə 11,3 faiz olub.

Eyni dövr ərzində məktəb yaşında uşaqlar arasında məktəbə getməyənlər Azərbaycanda - 4,6 faiz , Ermənistanda - 5,7 faiz , Gürcüstanda isə 2,4 faiz olub.

Uşaq əməyi göstəricisi 2012-2017 illərdə Azərbaycanda - 6,5 faiz, Ermənistanda - 8,7 faiz, Gürcüstanda - 4,2 faiz olub.

15-19 yaşında ərə verilmiş qızların faizi Azərbaycanda - 8,9 ; Ermənistanda - 4,6 ; Gürcüstanda - 10,6 olub.

Münaqişələr səbəbindən daimi yaşayış yerlərini tərk etməyə məcbur olunmuş uşaqlara dair bölümdə Azərbaycanın göstəricisi 6.4 faiz, Ermənistanda - 0,8 faiz, Gürcüstanda isə 7,6 faizdir.

40 ölkədə onların vəziyyəti pisləşib

Dünyanın 175 ölkəsindən 95-də uşaqların vəziyyəti yaxşılaşıb, lakin 40 ölkədə onların vəziyyəti pisləşib.

Uşaqların vəziyyətilə bağlı hər bir ölkənin reytinqi ölüm, aclıq təhlükəsi, təhsil almağın çətinliyi, erkən nikah, ana olmaq, işləməyə məcbur edilmək və bu kimi digər çətinliklərlə uşaqların üzləşməsi ehtimalı əsasında formalaşıb.

Ölkələr üzrə uşaqların vəziyyətinə dair reytinqdə Sinqapur və Sloveniya sıralamanın birinci iki yerini paylaşır, onların ardınca Norveç, İsveç və Finlandiya gəlir.

Siyahının aşağısında isə Niger, Mali və Mərkəzi Afrika Respublikası qərarlaşıb - ümumiyyətlə siyahının sonundakı 10 ölkədən səkkizi Qərbi və Mərkəzi Afrikanı təmsil edir.

Save the Children eləcə də qeyd edib ki, iqtisadi və hərbi qüdrətlərinə baxmayaraq ABŞ (36-cı yer), Rusiya (37-ci yer) və Çin (40-cı yer) Qərbi Avropa ölkələrinin arxasında siyahıda yer tutub.

Təşkilat xüsusi narahatlıq doğuran 10 trendi qeyd edib.

Bu səpkidə yeniyetmə yaşlarında hamiləlik və nikahbağlama hallarının artması, zəngin və yoxsul ölkələr arasında artan uçurum, Afrikanın mərkəzi və cənubunda yerləşən ölkələrdə uşaq ölümü statistikasının pisləşməsi, uşaq əməyi və dünya boyu uşaqların təhsil almasına əngəllər ən narahatedici problemlər kimi qeyd olunub (BBC-Azərbaycanca).

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26