Interposta.Info

İsrail səfirliyi ilə jurnalist arasında qalmaqal -

Ölkə
 18-04-2018, 09:24     10 427

Eynulla Fətullayev diplomatik nümayəndəliyi ittiham elədi; iddialara cavab gəldi...
Haqqın.az və virtualaz.org saytlarının baş redaktoru Eynulla Fətullayev İsrailin Azərbaycandakı səfirliyində başına gələnlərlə bağlı yazı yazıb. E.Fətullayev bildirib ki, dünyanın çox ölkələrində İsrail səfirliyinin əməkdaşlarının davranışı, Bakıda olduğu kimi, çoxdandır ki, dillərdə dastan olub. Kobudluq və şər haqqında xoşagəlməz dastan.

Onun yazdığına görə, dünyanın çox səfirliklərinə müraciət etsə də, Bakıda-İsrail səfirliyinin kandarında gördüklərinin nə diplomatik etiket çərçivəsinə, nə də elementar abır-həyaya, uşaqlıqdan öyrədilən adi ədəbə, insan tərbiyəsinə sığdığını vurğulayıb. O, başına gələnlərlə bağlı detallı yazıb. Öncə yazıb ki, viza üçün İsrail konsulluğuna bir neçə gün mütəmadi zəng etsə də, heç kim telefonlara cavab verməyib. Turizm firmalarındakı dostları isə ona səfirliyə getməməyini məsləhət bilib: “Səfirliyə getməməyinizi məsləhət bilirəm. Peşman olacaqsınız... Bizə 280 manat ödəyin və biz hər şeyi həll edərik; sadəcə, gedib pasportunuzu götürərsiniz”. Təəccübümü gizlədə bilmirəm: “Niyə belə baha? Axı bu, sadə məsələdir?” Tanışım istehzalı təbəssümlə deyir: “Gedin, özünüz baxın, ancaq xəbərdarlıq edirəm, peşman olacaqsınız”".

İsrail səfirliyi ilə jurnalist arasında qalmaqal -

E.Fətullayev daha sonra səfirliyin binasında qarşılaşdığı kobud münasibətin detallarını da sadalayır. Məlum olur ki, jurnalistə “əllərini cibindən çıxar”, “sən karsan?”, “rədd ol burdan. Bura İsrailin ərazisidir” kimi kobud ifadələr işlədiblər. Bundan başqa, səfirlik binasının mühafizəsini həyata keçirən polislər də prosesə müdaxilə etmədən baş verənləri izləyiblər. Jurnalist bu duruma etiraz etmək üçün İsrailə, yaxşı tanıdığı və həmkarı olan keçmiş səfir İosif Şaqala zəng etdiyini yazıb: “Ölkəsinin qapısının ağzında üzləşdiyim rüsvayçılığı anladıram: ”Doğurdanmı, sizdə heç kəs anlamır ki, səfirlik - ölkənin vizit kartıdır. Və qonaq olduğun ölkədə belə etmək olmaz. İranlılar özlərini belə aparmırlar. Heç kim özünü belə aparmır". Sabiq səfir heç təəccüblənmir də. O gülür və bütün dünya səfirliklərində rəsmiyyətçilərin ənənəvi davranışı olduğunu deyərək, məni sakitləşdirməyə çalışır. Digər tanışlarıma zəng edirəm. Onlar da təəccüblənmirlər. Məlum olur ki, hətta İsraildə - mağazanın girişində, oteldə, aeroportlarda xidmətləri belə aparırlar... Çünki bu, “seçilmiş” ölkədir! Mən bu izahı qəbul etmirəm. Və İsrailə getmək həvəsim tamamilə itir".

“Yeni Müsavat” E.Fətullayevin bu yazdıqlarına münasibət öyrənmək üçün İsrailin Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayıb. Səfirlikdən jurnalistin yazısına cavab olaraq aşağıdakılar bildirilib: “Azərbaycan və İsrail arasında həm dövlətlər, həm də insanlar səviyyəsində qarşılıqlı hörmətə əsaslanan çox möhkəm dostluq və əməkdaşlıq münasibətləri var. Son il ərzində iki ölkə arasında turistlərin sayı bir neçə dəfə artıb və artmağa davam edir. Hər gün viza almaq üçün səfirliyə çoxlu sayda insan gəlir və onların 99%-ı heç vaxt göstərilən xidmətdən şikayət etməyib. Əlavə etmək istərdim ki, Haqqın.az saytında yazılanlar həqiqətə uyğundursa, bəzi turizm şirkətlərində sakinləri viza almaq üçün əlavə ödənişlər etməyə tələb edirlər. Qeyd etmək istərdim ki, viza rüsumu 44 (qirx dörd) AZN təşkil edir və heç bir artıq ödənişə ehtiyac yoxdu. Bu ödəniş bank köçürməsi vasitəsilə və tamamilə şəffaf şəkildə həyata keçirilir. Məhz buna görə səfirlik əlavə ödənişləri etməməyə çağırır. İsrail demokratik ölkədir və hər bir turist viza almaq üçün səfirliyə müraciət edə bilər və onlara bütün lazımi xidmətlər göstəriləcək. Eynulla Fətullayev da bütün Azərbaycan vətəndaşları kimi, istədiyi zaman səfirliyə viza üçün müraciət edə bilər. Qeyd edək ki, səfirlik göstərilən xidmətlərə dair bütün konstruktiv qeydlərə baxmağa hər bir zaman hazırdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26