Interposta.Info

Biznesmen oğlunun qəzasına görə müstəntiq işdən ÇIXARILDI

Ölkə
 12-02-2018, 15:44     10 393

Şəhid Elton Əkbərovanın qızı Könül Əkbərovanın ölümü ilə nəticələnmiş yol qəzası üzrə istintaqdakı pozuntulara görə Səbail Rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasov işdən çıxarılıb.
Bizimxeber.az xəbər verir ki, hadisə ötən il noyabrın 8-də Səbail rayonu, “Bayraq meydanı”nın yaxınlığında baş verib. Cinayət işinin materiallarına görə, R.Rəhimovun idarə etdiyi “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. Piyada hadisəyerində keçinib. İttihamda yazılıb ki, sürücü hadisə yerindən qaçıb.

BDU-nun birinci kurs tələbəsi olan 18 yaşlı R.Rəhimov “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğlu, “Yeganə” şadlıq sarayının sahibi Məmməd Rəhimovun isə qardaşı oğludur.

Bu hadisəyə görə ilk vaxtlarda Akif Rəhimovgilin ailə sürücüsü Əmrulla Şahbazov təqsirləndirilən şəxs qismində cəlb olunmuşdu. Amma zərərçəkmiş tərəf – vəfat edən K.Əkbərovanın anası prezidentə, vitse-prezidentə, baş prokurora və digər səlahiyyət sahiblərinə məktub yazaraq, hadisəni törədən şəxsin R.Rəhimov olduğunu, onu məsuliyyətdən yayındırmaq üçün sürücünün irəli verildiyini bildirmişdi.

Bu məsələ dəfələrlə mediada işıqlandırılandan sonra vəziyyət dəyişdi. R.Rəhimov həbs edildi. Hərçənd, Ə.Şahbazovdan hadisəni onun törətməsi barədə etirafedici ifadə alınmışdı. Elə R.Rəhimov da ilk ifadəsindəqəzanı sürücünün törətdiyini göstərmişdi. R.Rəhimovun məhkəməsində isə hər ikisi yalan danışdıqlarını etiraf etdilər.

Ə.Şahbazov məhkəmədə bildirdi ki, Rəhimə maşını atasından xəbərsiz verdiyi üçün məsuliyyəti öz üzərinə götürmək istəyib. O həmçinin müstəntiqin razılığı ilə həqiqətə uyğun olmayan ifadə verdiyini deyib.

R.Rəhimov da məhkəmədə bildirib ki, hadisə yerindən qaçmayıb. Polislər gələndən sonra ona tövsiyə ediblər ki, çıxıb getsin. O da gedib. R.Rəhimovun da ifadəsindən belə aydın olur ki, müstəntiqin razılığı ilə ilk ifadəsində hadisəni ailəsürücülərinin törətdiyini deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxan hakimlər kollegiyası ilk günlərdə bu işin istintaqını aparmış müstəntiq Vüqar Abbasovun dindirilməsi haqda qərar qəbul edib. Hərçənd, həmin müstəntiq bu işdəki nöqsanlara görə vəzifəsini itirib, sərəncama göndərilib.

Onu da qeyd edək ki, zərərçəkmiş tərəf artıq R.Rəhimovdan şikayətçi deyil. K.Əkbərovanın anası məhkəmədə bildirib ki, qarşı tərəf onlara yas mərasiminin xərclərində yardım edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26