Interposta.Info

Yusifov və Məmmədov qardaşlarının toyuq-cücəyə görə başlayan qanlı davası -

Ölkə
 28-01-2018, 22:21     10 606

Məmmədov və Yusifov qardaşları toyuq-cücəyə görə düşmən olublar. Məmmədov qardaşlarından biri dünyasını dəyişib, biri isə xəsarət alıb. Yusifov qardaşları isə 36 il həbs cəzasına məhkum ediliblər.

Musavat.com xəbər verir ki, Novxanıda Məmmədov və Yusifov qardaşları arasında baş verən dava ölümlə nəticələnib. Baş verən cinayət işi üzrə məhkəmə iclasına Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Qətl törətməkdə təqsirləndirilən Vüqar və Zülfüqar Yusifov qardaşları cinayət məcəlləsinin bir çox maddələri ilə ittiham edilirdilər. Xüsusi amansızlıqla adam öldürmə, bir qrup şəxs tərəfindən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə və təkrarən bu əməlləri törətməkdə də ittiham edilən Yusifov qardaşlarının əməlləri iki maddəyə tövsif edilərək cəza təyin edilib.

Hakim Əlövsət Abbasovun elan etdiyi hökmə əsasən Vüqar Yusifov Cinayət Məcəlləsinin 29,120.1 (adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq) maddələri, Zülfüqar Yusifov isə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham ediliblər. Hökmə əsasən Vüqar Yusifov 12 il, Zülfüqar Yusif isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Amma zərərçəkmiş tərəf və dövlət ittihamçısı bu cəzanın azlığından narazı qalaraq Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Əvvəlcə qeyd edək ki, ittihamda yazılır ki, Vüqar Yusifov həmkəndlisi və qohumu Səbuhi Məmmədovla ev quşlarının və göyərçinlərin şərikli alqı-satqısı ilə məşğul olublar. Amma bu şəriklik sonradan pozulub.

Vüqar Yusifov öyrənib ki, şəriki Səbuhinin qardaşı Vasif Məmmədov həmin ev quşlarını və göyərçinləri ondan xəbərisz qayınanasının evindən aparıb. Elə söz-söhbət də buradan başlayıb.

Vüqar Yusifov əsəbləşərək Məmmədov qardaşlarından qisas almağı planlaşdırıb.

Bu məqsədlə Yusifov qardaşları Novxanı qəsəbəsində Səbuhi Məmmədovun işlətdiyi “Sahil” marketə gəliblər. Vüqar Yusifov əvvəlcə Səbuhi Məmmədovla mübahisə edərək onu təhqir edib və qardaşı Vasifi çağırmasını istəyib.

Bu zaman hadisə yerinə Məmmədovların digər qardaşı Asif Məmmədov da gəlib. Vüqar Yusifov yenə də Vasif Məmmədovun ünvanınına söyüşlər söyərək qardaşlarından onu çağırmasını tələb edib.

Hadisə yerinə Vasif Məmmədov da gəldikdən sonra mübahisə daha da qızışıb.

İttihamda qeyd edilir ki, Zülfüqar Yusifov üzərində olab bıçaqla Vasif Məmmədovun döş qəfəsinə bir zərbə vurub. Vüqar Yusifov isə köməyə gələn qardaşlardan Asif Məmmədova 2 bıçaq zərbəsi vurub.

Yusifov qardaşları taksiyə minərək hadisə yerindən uzaqlaşıblar. Vasif Məmmədov çatıdırldığı xəstəxanada dünyasını dəyişib. Asif Məmmədovun həyatını isə xilas etmək mümkün olub.

Bakı AĞır Cinayətlər Məhkəməsi belə qərara gəlib ki, təqsirləndirilən Yusifov qardaşları cinayəti törətmələri barədə qabaqcadan razılığa gəlməyib, zərərçəkmiş şəxslərə qarşı cinayəti birgə törətməyi planlaşdırmayıb, onalrın hər ikisini öldürmək niyyətləri olmayıb, adam öldürmə cinayətini xuliqanlıqla və xüsusi amansızlıqla törətməyiblər.

Vüqar Yusifov ifadəsində bildirib ki, Vasif Məmmədovun hərəkətini özünü qarşı hörmətsizlik kimi qəbul edib:

“Asif və Vasif Məmmədovla qohumuq. Vasifin kiçik qardaşı Səbuhi mənimlə şərikinə toyuq-cücə alveri etmək istədi. Buna etiraz etmədim. Birlikdə 40 ədəd, hərəsi 3 manatdan çolpa, 22 ədəd hərəsi 5 manatdan göyərçin aldıq. Sonra Səbuhi ailələrinə məxsus Novxanıdakı “Sahil” marketdə işlədiyinə görə şəriklikdən ayrıldı. Səbuhiyə şəriklik üçün verdiyi pulu qaytaracağımı bildirdim. Bir gün Səbuhinin qardaşı Vasif mənə zəng elədi. Telefon səssizdə olduğu üçün aça bilmədim. Mesaj yazdı ki, “hirsli vaxtımda beynimi xarab eləmə, gəlib hirsimi sənə tökərəm”. Mən zəng edib səbəbini soruşanda dedi ki, toya gedir və Səbuhiyə borclu olduğum pulu istəyir. Pulumun olmadığını, quşlar satıldığında verəcəyimi dedim. Bir gün sonra Vasif qayınanamın evinə gələrək quşları aparıb. Mən də əsəbləşib Vasifgilin mağazasına getdim.

Əvvələ Səbuhi ilə danışdım. Sonra Asif gəldi. Qardaşları Vasifin düzgün hərəkət etmədiyini dedim. Mübahisə başlayanda onların qardaşım Zülfüqarı döyüdüyünü gördüm. Cibimdən bıçağı çıxarıb onları qorxutmaq istədim. Bıçağı sağa-sola fırlatdım. Kiməsə dəydiyini bilmədim. Zülfüqar heç kimi bıçaqla vurmayıb. Mən vurmuşam və əməlimdən də peşmanam”.

Zülfüqar Yusifov qardaşı kimi eyni məzmunlu ifadə verərək bildirib ki, marketdə başlayan mübahisə zamanı o, heç kimə bıçaqla zərbə vurmayıb:

“Mən mağazada Səbuhinin yanında idim. Vüqar Asif və Vasiflə çöldə söhbət edirdi. Dava düşdüyünü bilib çölə çıxdıq. Asif mağazaya gəlib bıçaq istədi. Mən sonradan bildim ki, qardaşım Vüqar onları bıçaqla vurub.”

Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Asif Məmmədov deyib ki, qardaşı Səbuhi Vüqar Yusifovla şərikli toyuq-cücə saxlayıblar. Sonra Vüqar Yusifov şərikli qazandıqları pulu vermədiyi üçün aralarında mübahisə yaranıb. O, Yusifov qardaşlarına törətdikləri əmələ görə ağır cəza verilməsini tələb edib.

Səbuhi Məmmədov da qardaşı ilə eyni məzmunlu ifadə verib. O bildirib ki, Zülfüqar Yusifov qardaşı Vasifə bıçaqla arxadan vurub, Vüqar Yusifov isə bıçaqla digər qardaşı Asifə zərbə endirib.

Şikayətə baxan Suqmayıt Apellyasiya Məhkəməsi belə qərara gəlib ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr cinayət işi üzrə toplanmış sübutlarla müəyyən edilmiş cinayət işinin hallarına uyğun gəlmir və onlara ağır cəza verilməlidir.

Məhkəmənin qərarına əsasən Vüqar Yusifov Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 29,120.2.1, 29,120.2.4, 29,120.2.7 və 221.3-cü maddələri ilə təqsirli bilinib18 il müddətinə azalıqdan məhrum edilib.

Zülfüqar Yusifov isə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 29,120.2.1, 29,120.2.4, 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib 18 il müddətinə azadlıqdan məhrum edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26