Interposta.Info

“LUKoil” prezidenti neftin bahalaşmasını ona görə istəmir ki...

Ölkə
 26-01-2018, 10:48     10 464

Elnur Soltanov: “Neft bütün sahələrdə qiymət artımına gətirib çıxardığına görə...”

“OPEC+ ölkələrinin hasilatın azaldılması ilə bağlı razılaşması neftin qiymətini stabilləşdirib. Lakin neftin qiymətinin 150 dollara qədər yüksəlməsinə imkan verilməməlidir”. Bu sözləri “LUKoil”in rəhbəri Vahid Ələkbərov Davos İqtisadi Forumunda qeyd edib.

O deyib ki, neft istehsalçısı olan ölkələr artıq neftin barelinin 70 dollar olması ilə qane deyillər: “Razılaşmadan belə çıxır ki, onlar neftin qiymətini 2011-2012-ci illər səviyyəsinə çatdırmaq istəyirlər. Biz neftin qiymətində sıçrayışlı artıma 140-150 dollar səviyyəsinə çatmasına imkan verməməliyik. Neft istehsalçılarının acgözlüyü neftin qiymətinin 9 dollardan 140 dollara yüksəldiyi dövrün təkrarlanmasına gətirib çıxara bilər. Hansı ki, həmin vaxt alternativ enerji mənbələrinə investisiyalar artmağa başladı, nəticədə neftin qiyməti kəskin ucuzlaşdı”.

Bəs görəsən, “LUKoil”in rəhbərinin bu qənaətə gəlməsinin səbəbi nədir? Neftin kəskin bahalaşması onların işinə hansı şəkildə ziyan vurur?

“Yeni Müsavat”ın suallarını ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov cavablandırdı. O bildirdi ki, neftin qiymətinin kəskin yüksəlməsi bir müddət sonra istehsalçı şirkətlər üçün də ciddi problemlərə səbəb olur: “Neft qiymətləri ilə bağlı problem ondan ibarətdir ki, yüksək qiymət fundamental bazar şərtləri ilə də diqtə oluna bilər, keçici spekulyativ səbəblərdən də qaynaqlana bilər. Ancaq bütün hallarda yüksək qiymət o deməkdir ki, alternativlərə fürsət yaranacaq. Neftin qiyməti 150 dollar olanda iki hal baş verir. Birincisi, neftin istehsalında artım sürətlənir. Neft istehsalçıları baş düşürlər ki, qiymət artdığına görə onların mənfəəti də artacaq. İş adamlarının hansısa əmtəədən qazancları 1 dollar da artırsa, ondan daha çox istehsal etməyə çalışırlar. Yeni quyular qazılmağa başlayır, yeni investisiyalar qoyulmağa başlayır. Daha əvvəl maliyyəti yüksək olan, ancaq rentabelli olmayan quyular da qazılır. Dərin okeanda, buzlu yerlərdə belə qazıntılar artır. Bir sözlə, sabah neftin qiyməti 150 dollar olsa, 1 il sonra dünya neft hasilatında çox ciddi bir yüksəliş baş verəcək. Çünki hər kəs yüksək bazar qiymətindən yararlanmaq istəyəcək və istehsal artacaq. İstehsal artanda isə qiymətlər çox sürətlə üzüaşağı gəlir, ucuzlaşmağa başlayır. Yüksək qiymətin bir problemi odur ki, onun nəticəsində istehsal bir o qədər sürətlənir. Ancaq neft istehsalı, obrazlı desək, şirniyyat istehsalına bənzəmir. Siz bu gün hasilatın artımı ilə bağlı qərar verirsinizsə, quyu qazırsınızsa, onun nəticəsini ən yaxşı halda bir ildən sonra görürsünüz. Ona görə də yüksək neft qiyməti yaxın müddətdə neft qiymətinin məhv olması anlamına gəlir. Biz bunu 2008-ci ildə də, 2014-2015-ci ildə də yaşadıq”.

Ekspertin fikrincə, ikinci səbəb odur ki, neft qiymətləri yüksək olanda alternativ enerji mənbələrindən istifadə üçün stimul yaradır: “Neftin hazırkı qiyməti alternativ enerjidən daha ucuz başa gəlir. Hazırda neft istər günəş enerjisindən, istər külək enerjisindən daha ucuzdur. Ancaq neftin qiyməti yüksələndə avtomatik olaraq alternativ enerjinin nisbi qiyməti ucuzlaşmış olur. Neft 50 dollar olanda, mən külək enerjisinə yatırım etmirəmsə, günəş enerjisi də sərf eləmir, amma neft 150 dollar olanda alternativ enerji mənə daha sərfəli görünməyə başlayır. Bu səbəbdən dünya üzrə alternativ enerjiyə yatırım artır. Nəticədə gələcəkdə neftin istehsalının artması ilə yanaşı, alternativ enerji qaynaqlarının miqdarı da çoxaldığına görə ”qara qızıl"a olan tələbat ikiqat azalmış olur. Çünki artıq alternativ enerji var".

Elnur Soltanovun sözlərinə görə, yüksək neft qiymətinin arzu edilməməsinin digər bir səbəbi də odur ki, bütün dünyada istehsal məhsulları bahalaşır: “XIX əsrin sonlarından etibarən demək olar ki, dünya sənayesini neft olmadan düşünmək mümkün deyil. Bu səbəbdən neftin bahalaşması bütün ölkələrdə olan istehsalatın, əmtəə məhsullarının bahalaşması deməkdir. Dünyada neftə tələbatı olan ölkələr çoxdur, ancaq hasilatçı ölkələrin sayı azdır. Bir çox ölkə nefti idxal edir. Bahalı neft idxal etdiyi üçün almanların istehsal etdiyi avtomobildən tutmuş Çinin istehsal etdiyi elektronikaya qədər hər növ məhsulun qiyməti artır. Bütün dünyada bir qiymət artımı - inflyasiya yaşanır. İnflyasiya yaşananda isə istər-istəməz iqtisadiyyatlar balacalaşır, tələbat azalır, insanlar vəsaitlərini daha çox qorumağa başlayırlar.”.

Bəs neftin hansı qiyməti Azərbaycan üçün daha sərfəlidir? Ölkəmizdə istehsal edilən neftin maya dəyəri orta hesabla neçə dollar təşkil edir?

Bu sualları cavablandıran Elnur Soltanov bildirdi ki, Azərbaycan neftinin maya dəyərini konkret rəqəmlə ifadə etmək çox çətindir: “Bu sualın müxtəlif cavabları var. Çünki buraya boru xətləri ilə daşınmanın da maliyyəti əlavə oluna bilər. Bundan başqa, BP-nin istifadə etdiyi texnologiyalar fərqlidir, fərqli quyuları var, SOCAR-ın texnologiyaları fərqlidir və fərqli quyuları var. Bir quyudan alınan neftin maya dəyəri başqa quyudan çıxan neftin maya dəyərindən fərqlidir. Ancaq ümumi götürəndə Azərbaycan nefti maliyyət olaraq dünyanın ən ucuz neftlərindən sayılır, bunun əksinə bazar dəyəri ən yüksək olan neftlərdən sayılır. Azərbaycan neft Venesuela neftindən, ”Brent" neftindən, Qərbi Texas neftindən daha bahadır. Ancaq maya dəyəri daha aşağıdır. Orta hesabla kobud şəkildə ifadə etsək, Azərbaycan neftinin maya dəyəri 20 dollardan xeyli aşağıdır. Dövlət büdcəsində neftin bir barelinin qiyməti 45 dollardan hesablansa da, bugünkü qiymətlər Azərbaycan üçün xoşagələn bir səviyyədədir".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26