Bayılda sürüşmə fəlakəti: Abid Şərifov nazirləri iclasa çağırıb
Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar bu gün Nazirlər Kabinetində müşavirə keçiriləcək.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, Baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə keçiriləcək müşavirədə sürüşmənin qarşısının alınması üçün təkliflər səsləndiriləcək və görüləcək tədbilər müəyyənləşdiriləcək:
“Prosesin baş vermə səbəbləri, onun əhatə dairəsi, təhlükəlilik dərəcəsi, sürüşmə müstəvisinə uyğun olaraq, qabaqlayıcı tədbirlərin görülməsi üçün təkliflər veriləcək. Ərazidə bərkitmə işləri aparılacaq”.
Ə.Qaralov deyib ki, hazırda ərazidəki sürüşmənin dərinliyi öyrənilir, onun əhatə dairəsi konturlaşdırılır, prosesin baş vermə səbəbi araşdırılır: “Buna uyğun olaraq, müxtəlif tədbirlər həyata keçiriləcək”.
***13:54
Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin səlahiyyətli şəxsləri Bayıldakı, Teleqüllənin yaxınlığındakı sürüşmə zonasında təhlükənin getdikcə artdığını təsdiq edir.
Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov jurnalistlərə bildirib ki, Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə zonası ilə bağlı aidiyyatı qurumlar təkliflərini təqdim etməlidir. Onun sözlərinə görə, Ekologiya Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyası tərəfindən ərazidə baş verən sürüşmə prosesinin dinamikasında aktivlik, baş verən proseslər haqqında tədqiqat işləri aparılıb.
R.Həsənov deyib ki, hazırda ərazidə mayaklar, reperlər quraşdırılıb, nəzarət aparılır: "Hazırda ərazidə quraşdırılan mayaklara, reperlərə istinadən demək olar ki, prosesin dinamikasında aktivlik müşayiət edilir. Hazırda aparılan digər tədqiqat işlərinin nəticələri barədə də məlumat veriləcək".
Nazirik rəsmisi qeyd edib ki, aktivlik prosesi yamacın aşağı hissəsindəki evlər üçün təhlükə yaradır: "Tam araşdırmalar başa çatana, tədqiqatlar yekunlaşıb son qərar verilənə qədər əhalinin ehtiyatlı olması lazımdır".
Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə bildirib ki, ərazidə dünən çatlar üzərində yeni mayaklar quraşdırılıb və bu gün çatlarda artım qeydə alınıb.
Ə.Qaralovun sözlərinə görə, Teleqüllə sürüşmə sahəsi aktiv fazadadır və sürüşmə davam edir. Hazırda ərazidə araşdırmalar davam etdirilir.
"Teleqüllənin uçması qətiyyən gözlənilmir", - Əziz Qaralov jurnalistləri əmin edib.Virtualaz.org
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26